Qızıl univermaqlarında boş qalan vitrinlər - ARAŞDIRMA

16:02 28.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda zərgərlik bazarında fəaliyyət göstərən bəzi sahibkarlar vitrindəki məhsullarının sayını azaltmaq məcburiyyətində qalıblar. Onların iddiasına görə, buna səbəb vergi xidməti əməkdaşlarının satılmayan məhsulları da vergiyə cəlb etməsidir. Bu əlavə “vergi yükü” bazarda zərgərlik məmulatları çeşidinin kəskin şəkildə azalması ilə nəticələnib.

Sahibkarlar onu da iddia edirlər ki, bazarda əlavə “vergi yükü”nün yaradılması kiçik sahibkarların sıxışdırılması və bu yolla “AzerGold”un bazara giriş imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Xatırladaq ki, bu ayın əvvəlində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi istifadəyə verilib. Mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.

Qızıl bazarındakı mövcud vəziyyəti öyrənmək üçün hafta.az olaraq “Gənclik” metrostansiyası yaxınlığında yerləşən qızıl univermağına baş çəkdik. Zərgərlik məmulatlarının alğı-satqısı ilə məşğul olan sahibkarlarla apardığımız söhbət əsnasında məlum olur ki, bazarda pandemiyanın təsirləri hələ də qalmaqdadır. Sahibkarların sözlərinə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə alıcılıq qabiliyyəti təxminən 2 dəfə aşağı düşüb. Hazırda vətəndaşlar qızılı daha çox almağa deyil, satmağa gəlirlər.

Müxtəlif növ zinət əşyalarının sərgiləndiyi vitrinlərə göz gəzdiririk, bəzi vitrinlər tamamilə boşdur, yeni icarədarlarını gözləyir. Bəzi vitrinlərdə isə çeşid sayının az olması gözə dəyir, sərgilənən məhsulların əksəriyyəti qramı aşağı olan məhsullardır. Sahibkarlar deyirlər ki, yaxşı alver olmadığından qızıl alğı-satqısı ilə məşğul olan bəzi şəxslər bazarı tərk etmək məcburiyyətində qalıblar. Mövcud vəziyyətin satılmayan qızıl məmulatlarına “vergi” tələb edilməsi iddiası ilə əlaqəsinin olub-olmamasına gəlincə, sahibkarlar bu mövzuda danışmaq istəmədiklərini bildirirlər. Vitrinlərdə qramı aşağı olan zərgərlik məmulatlarına üstünlük verilməsini isə son 2 ildə belə məmulatlara tələbatın daha yüksək olması ilə bağlayırlar. Sahibkarların sözlərinə görə, hazırda müştərilər qramı az, amma həcmli məhsullara daha çox üstünlük verirlər.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli deyir ki, satılmayan məhsulun vergiyə cəlb olunması qeyri-qanuni hərəkətdir:

“Əgər həqiqətən də belə bir hal baş verirsə, bu məsələ qanunsuzdur. Zərgərlik məmulatları da digər mallar kimi vergiyə cəlb olunmalıdır. Özü də sahibkarın ancaq satılan məhsul üzərində vergi öhdəliyi yaranır. Yəni, vergi qanunvericiliyində qızıl məmulatlarının xüsusi bir özəlliklə vergiyə cəlb olunması və ya xüsusi özəlliklə güzəşt edilməsi proseduru yoxdur. Sadəcə 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanda qızıldan,gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub. Burada hazır zərgərlik məmulatlarından söhbət getmir və bu satışa aid deyil”.

Məsələyə münasibət açıqlayan bank və vergi məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da deyir ki, vitrində olan və satılmayan məhsula görə vergi tələb olunması qanuna ziddir:

“Əslində mən belə bir halın baş verdiyinə də inanmıram. Məsələn, biz hər gün supermarketlərdə oluruq və marketlərin vitrinlərində mindən çox adda məhsul var. Market sahibi satmadığı məhsulun dəyəri müqabilində də vergi ödəməlidirmi? Əlbəttə ki, yox. Yəni, sahibkar vitrinində qida məhsulu və ya zərgərlik məmulatı satmağından asılı olmayaraq eyni formada vergi ödəyir. Qanunvericilik bu məsələdə sahibkarın üzərinə əlavə dəyər vergisi və mənfəət, fiziki şəxsdən söhbət getdikdə isə gəlir vergisi ödəmək öhdəliyi qoyulub. Mağazada olan və satılmayan mala görə heç bir vergi yoxdur. Ona görə də vergi orqanları əməkdaşlarının belə bir addım ata biləcəyinə inanmıram. Düzdür, vergi orqanlarının vəzifəsi odur ki, mümkün olan hər yerdən dövlət büdcəsinə pul toplasın. Hər şeyin də bir həddi var. Hesab edirəm ki, burada söhbət başqa məsələlərdən gedir. Yəni, heç kəsə sirr deyil ki, az vergi ödəmək üçün zərgərlər nəyisə satanda onun qiymətini aşağı göstərir. Təbii ki, bu halda Vergi Məcəlləsi vergi orqanına hüquq verir ki, bazar qiymətini rəhbər tutub ona uyğun vergi tələb etsin. Belə halın baş verməsi mümkündür və qanunauyğundur”.

Bu sahədəki kiçik sahibkarların məqsədli şəkildə sıxışdırılması və əlavə “vergi yükü” yaradılmaqla “AzerGold”un bazarının genişləndirilməsini reallıqdan uzaq iddia hesab edən ekspert vurğulayır ki, yerli zərgərlik bazarında nəsillər boyu inhisar olmayıb: “Bu sahədə indi də inhisarçılıq yoxdur. Məncə bu iddianı sahibkarlar özlərinə haqq qazandırmaq üçün ortaya atıblar. Ola bilsin ki, vergi orqanları da hansısa zərgərlik məmulatını qymətləndirərkən şişirtmələrə yol versin, nəticədə sahibkar daha artıq vergi ödəmək məcburiyyətində qalsın. Bu halda təbii ki, sahibkar haqlıdır. Amma bu anlaşılmazlığın ortaya çıxmasında ”AzerGold” ehtimalını görmürəm. Çünki “AzerGold” zərgərlik məmulatının satışı ilə məşğul olmur və bu bazara da rəqib deyil”.

Səsləndirilən iddialarla bağlı Dövlət Vergi Xidmətinə də müraciət etdik. Qurumdan hafta.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, səslənən iddiaların heç bir əsası yoxdur və satılmayan məhsula görə, sahibkardan vergi tələb olunması absurd məsələdir:

“Ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi uçota alınırlar.

Qeyd olunan fəaliyyət zamanı əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən  mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilmişdir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən qızıl satışından əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməklə ƏDV qeydiyyatına alınmalıdır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 96-cı, 102-ci, 108-ci, 155-ci, 218-ci maddələri və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə tənzimlənir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Əgər sahibkarlar hər hansı qanunsuz tələb və ya hərəkətlərlə qarşılaşıblarsa, konkret halları araşdırmağa hazır olduğumuzu bildiririk”.