Məlum olduğu kimi, dekabrın 12-dən vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsinə etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Etiraz aksiyası hazırda da davam etməkdədir.
Qeyd edək ki, ermənilər tərəfindən işğal dövründə Azərbaycanın ətraf mühitinə ciddi şəkildə ziyan vurulub, təbii resurslarımız qanunsuz şəkildə istismar olunub və bu hal indi də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə müşahidə edilməkdədir. Belə ki, son vaxtlar “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının intensivləşdiyi müşahidə olunur. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldıqdan sonra Müdafiə Nazirliyi dərhal Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Azərbaycanın müvafiq qurumlarının əməkdaşları hələ də sözügedən əraziyə buraxılmırlar.
Yeri gəlmişkən, Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Qızılbulaq” yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər. Bunu “APA-Economics”ə açıqlamasında “Anglo-Asian Mining Plc.” şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib. O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: “Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa “Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir”.
İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət “Qızılbulaq” və onun yuxarı hissəsində yerləşən “Dəmirli” müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.
Qeyd edək ki, “Qızılbulaq” Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri keçmiş Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi “Dəmirli” mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.
Məlumat üçün deyək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. “Qızılbulaq” da müqaviləyə daxil edilən yataqlardan biridir.
Ümumiyyətlə isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə ərazilərimizdə faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları qanunsuz istismar olunub və qeyri-qanuni iqtisadi fəaliyyət aparılıb. Bu cür qeyri-qanuni fəaliyyətdə bir çox xarici şirkətlərin də “rolu” olub. Onların sırasında “Base Metals” (“Vallex Group”), “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adları qeyd etmək olar. Hesablamalara görə, ermənilər işğal dövründə Azərbaycana təqribən 16 200 059 474,80 manat ekoloji ziyan vurub.
“Qızılbulaq” qızıl yatağı hazırda Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyni adlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. Qarabağdakı separatçılar bu kəndi “Drambon” adlandırırlar.
“Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib.
Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşmişdi. Ermənilər bu kəndi Kaşen adlandırırlar. Bu yataqlar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji obyektlər hesab olunur.
Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarında qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar – rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb. Vardanyanın xarici tərəfdaşlarını həmin yataqların qanunsuz istismarına cəlb etməyə çalışdığı barədə məlumatlar var.
Xatırladaq ki, Lixtenşteyndə qeydiyyata alınan “Base Metals” şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndinin yaxınlığında yerləşən qızıl və mis yatağını heç bir əndazəyə sığmayacaq şəkildə mənimsəyərək, nəhayət, tükəndirməyə nail olub.
Ermənistanın “Hetq” nəşrində dərc olunan bir məqalədə deyilir ki, “Base Metals” bu səbəbdən 2013-cü ildə Kəlbəcərlə “vidalaşaraq” fəaliyyətini Ağdərə şəhəri yaxınlığında yerləşən “Qızılbulaq” mis-molibden mədəninin işlənməsində davam etdirib.
“Dəmirli” qızıl yatağı da “Base Metals” şirkəti tərəfindən istismar olunurdu. Şirkət təkcə 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəmişdi. Rejimin ixracının 60 faizi, ümumi gəlirlərinin 32 faizi məhz bu şirkət tərəfindən təmin edilirdi.
Azərbaycan Baş Prokurorluğu adı çəkilən şirkətin 2009-2017-ci illərdə “Qızılbulaq” yatağını amansız istismarı nəticəsində 178 milyon dollar qazandığını sübuta yetirib. “Base Metals”in sahibinin Rusiya vətəndaşı Valeri Meclumyan olduğu bildirilib.
Beləliklə, bu gün Qarabağda dağ-mədən sektorunda aparılan genişmiqyaslı biznes təkcə Ermənistanın siyasi liderlərini və “çirkli” “Base Metals”ı zənginləşdirmir, həm də bütün bölgənin ekologiyasına ciddi ziyan vurur.
“Qızılbulaq qızıl yatağı 2002-ci, Dəmirli mis-porfir yatağı isə 2013-cü ildən istismar edilib. Hər iki yataq “Base Metals” şirkəti tərəfindən talan edilib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, bu yataqlardan böyük miqdarda mis, molibden və qızıl Ermənistana daşınıb: “Ermənilər beş ildir ki, orada istismar aparılmadığını bildirsələr də, bu, həqiqəti əks etdirmir. Dəmirli mis-molibden yatağında ermənilər tərəfindən yenidən istismara başlanılıb və bu, müvafiq faktlarla təsbit edilib. Monitorinq qrupu 2022-ci il dekabrın 10-da ərazilərə daxil olacağı zaman Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına baxış keçirməli idi.
Hər iki yatağa girişdə ermənilər planlı bir oyunla bizi oraya buraxmadılar və sülhməramlılar bu məsələdə qətiyyətsizlik göstərdilər. Dəmirli mis-porfir və Qızılbulaq qızıl yatağında ermənilər qarşımızı kəsərək ciddi maneələr törətdilər”.
O qeyd edib ki, Dəmirli mis-molibden yatağının üçüncü girişində də sərt müqavimətlə üzləşiblər: “Ərazidən keçid zamanı vizual müşahidələr apara bildik. Mən 2021-ci ildə də orada olmuşam. Bu dəfə hərəkət boyu müşahidə etdim ki, istismar ərazisinin sahəsi iki dəfə böyüyüb”.
“30 illik işğal dövründə qızıl yataqlarımızda 30-a yaxın şirkət çalışıb. Onlar beynəlxalq konvensiyaları və Azərbaycan qanunlarını pozublar. Zor tətbiq etməklə ölkəmizə məxsus mineral-xammal ehtiyatlarını qanunsuz istismar etmək olmaz. Erməni işğalçı rejim tərəfindən qanunsuz şəkildə yataqlarımızdan 10 minlərlə ton mineral xammal daşınıb”, - deyə o əlavə edib.
Sevinc