Dünya yeni qlobal böhran astanasındadır. Bunun anonsunu beynəlxalq maliyyə qurumları da verməkdədir. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva gələn il qlobal iqtisadi böhranın olacağına dair xəbərdarlıq edib. O, açıqlamasında son iqtisadi məlumatların ikinci rübdə Çin və Rusiya kimi böyük iqtisadiyyatlarda yavaşlama və daralmaya işarə etdiyini söyləyib. "Risklər artıb, tənəzzül ehtimalını göz ardı edə bilmərik”.
BVF rəhbəri 2022 və 2023-cü illərin çətin dövr olacağını vurğulayıb: “2023-cü il üçün tənəzzül riskləri artıb. BVF 2022-ci il üçün daha əvvəl 3,6 faiz açıqlanan qlobal iqtisadi artım proqnozunu yaxın günlərdə aşağıya doğru yenidən nəzərdən keçirəcək. Bu, BVF-nin 2022-ci il üçün artım proqnozunun üçüncü reviziyası olacaq. BVF-nin iyulun son həftəsində 2022 və 2023-cü illər üçün qlobal ÜDM artımı proqnozlarına yenidən baxacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə dövlət başçısı bu məsələyə də toxunub və prosesə hazır olmağın vacibliyini vurğulayıb: “Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq”.
Bəs, görəsən, Azərbaycan yeni dünya iqtisadi böhranına nə dərəcədə hazırdır?
Məsələni hafta.az-a şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, qlobal iqtisadi böhran riski daha da artmaqdadır: “Nəzərə alsaq ki, həm qlobal, həm də inkişaf etmiş ölkələrlə bağlı iqtisadi artım proqnozlarına yenidən baxılaraq həmin proqnozlar azaldılıb. Belə ki, dünya iqtisadiyyatında 2022-ci ildə 4,1 faiz iqtisadi artım proqnozlaşdırılırdı, bu rəqəm 2,9 faizə qədər azaldılıb. Eyni zamanda, avrozonada 4 faiz artım proqnozlaşdırılırdı, xüsusən Avrozonada müşahidə olunan ressesiya fonunda bu rəqəm 2,8 faizə qədər aşağı salınıb. Və aparıcı ölkələrdə, eləcə də dünya iqtisadiyyatında iqtisadi artımla bağlı dürüstləşdirmə neqativdir. Bu da təbii ki, qlobal iqtisadiyyatda yeni ressesiyanın yaranması riskini gücləndirir və xüsusən 2022-ci ilin sonu, eləcə də 2023-cü il dünya iqtisadiyyatı üçün daha ağır olacaq. Sözsüz ki, Azərbaycan da dünya iqtisadiyyatının bir elementidir. Azərbaycan mövcud siyasəti ilə dünya iqtisadiyyatında baş verənlərin ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışır. Və son 6 ayın yekunları da göstərdi ki, Azərbaycan 6,2 faizlik artımla regionda sürətli artıma malik olan ölkələrdəndir. Baxmayaraq ki, qlobal iqtisadi artım faizləri azaldılıb, amma Azərbaycan praktik olaraq sürətli artım faizini qoruyub saxlaya bilib. Bu da təbii ki, xüsusən də qlobal risklərin təsirlərinin minimumlaşdırılması baxımdan vacibdir. Qlobal ressesiya dünyada həm də ərzaq qıtlığı məsələsini daha da gücləndirəcək. Bu baxımdan da Azərbaycan artıq qabaqlayıcı addımlar atır. 2022-ci ilin dürüstləşmiş büdcəsində 200 milyon manata yaxın vəsaitin ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulması bir daha təsdiq edir ki, preventiv olaraq hazırda müşahidə olunan və gələcəkdə dərinləşəcək ərzaq qıtlığının Azərbaycan istehlak bazarına təsirlərinin minimumlaşdırılması siyasəti genişləndirilir. Eyni zamanda, minimum istehlak səbətinə daxil olan məhsulların istehsalını həyata keçirən sahibkarlar üçün də güzəşt mexanizmi genişləndirilir. Onlara güzəştli kreditlər, həm də bütövlükdə kommersiya qurumlarından olan kreditlərin faizlərinin bir qisminin subsidiyalaşdırılması formasında həyata keçirilib. Bu da nəticə etibarilə yerli istehsalın dəstəklənməsi və genişləndirilməsinə xidmət edir. O baxımdan artıq Azərbaycan preventiv olaraq qlobal ressesiyanın, eləcə də qlobal ərzaq böhranının təsirlərini minimumlaşdırmaqla bağlı fəaliyyətləri genişləndirir. Bu da ondan xəbər verir ki, ressesiya fonunda Azərbaycan mövcud siyasətlə gözlənilən qlobal böhranın ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışacaq”.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, dünya artıq iqtisadi böhranı yaşamaqdadır: “Bu böhran qarşıdakı müddətdə də davam edəcək. Pandemiya dövrü baş vermiş neqativ hallar nəticə etibarilə böhranın başlanğıcını qoydu. Rusiya və Ukrayna arasındakı müharibə isə bunu daha da alovlandırdı. Bildiyiniz kimi, Amerika son 40 ilin ən yuxarı inflyasiya səviyyəsini yaşayır. Eləcə də dünyanın digər ölkələrində sürətli inflyasiya gedir. İnflyasiyanı cilovlamaqdan ötrü uçot dərəcəsinin FED tərəfindən qaldırılması da görünən odur ki, inflyasiyanı cilovlamağa imkan vermir. Qaldırılmış uçot dərəcəsi dolları bahalaşdırır, bu da dünyada digər valyutalara ciddi şəkildə təsirini göstərir. Digər tərəfdən, neftin qiymətinin artması neft idxal edən ölkələrdə istehsalın bahalaşmasına gətirib çıxarır. Bu bizə də təsir edir və idxal etdiyimiz məhsulların qiymətlərinin artmasına səbəb olur. Başqa sözlə, dünya qarışıq bir iqtisadi böhran yaşayır. Perspektivdə də Rusiya-Ukrayna müharibəsinin həll edilməsi baş vermədən neftin qiymətinin aşağı düşəcəyini gözləmək düzgün olmazdı. Amma müharibənin yekunlaşması bir müddət neftin qiymətinin də aşağı enməsinə və stabilləşməsinə gətirib çıxara bilər. O ki qaldı Azərbaycanın iqtisadi tənəzzülə hazır olma yollarına, hesab edirəm ki, artıq 2021-ci ildən başlayaraq bu istiqamətdə müxtəlif səpkili, sistemli işləri müşahidə edirik. Belə ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında atılmış bir neçə addım var. Eyni zamanda, məşğulluğun qorunub saxlanılmasında, paralel olaraq iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün müəyyən addımların atılmasında müxtəlif qəbildən tədbirlər müşahidə edirik. Amma təəssüf ki, biz turizmi qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olaraq qeyd etsək də, quru sərhədlərin bağlı saxlanılması bu sektora ciddi təsirlər göstərib. Qeyri-neft sektorunda prioritet olan digər sahələrdən biri kənd təsərrüfatı üzrə də göstəricilərimizdə müəyyən artımlar olsa da, bu o qədər də yuxarı səviyyəli artımlar deyil. Hazırda büdcə daxilolmalarının artmasında da, eyni zamanda qeyri-neft sektorunun inkişafında da yenə neft sektorunun rolu çox böyükdür. Çünki neft sektorundan daxil olmuş vəsaitlər qeyri-neft sektorunda aktivliyi yaradan əsas faktorlardır. Buna görə də maksimum səviyyədə neft gəlirlərindən qeyri-neft sektorunun inkişafına daha çox diqqət və önəm verilməlidir”.
Ekspert vurğulayıb ki, bəzi Avropa ölkələri istisna olmaqla, neft gəlirləri olan ölkələrdə qeyri-neft sektorunun inkişafı o qədər də uğurlu olmur: “Çünki gəlirlər bir növ rahatçılıq, arxayınçılıq yaradır. Amma düşünürəm ki, mümkün qədər neft gəlirlərindən asılılığı azaltmaq üçün biz real sektorun inkişafına daha çox önəm verməliyik. Turizmin, aqrar sektorun inkişafına diqqət ayrılmalıdır. Hesab edirəm ki, ən böyük diqqəti isə aqrar sənaye komplekslərinin yaradılması istiqamətində real addımların atılmasına üstünlük verilməlidir. Aqrar sahədə müəyyən güzəştlər olunsa da, emal sənayesində bu güzəştlərin olmaması nəticə etibarilə kənd təsərrüfatı məhsulunun tarladan satışa qədər olan hissəsində daha böyük həcmdə məhsula daha aşağı dəyər həcmdə realizasiya etməyə imkan verir. Başqa sözlə, məhsulların tarladan emal sahələrinə, fermalardan emal müəssisələrinə ünvanlanması, istiqamətlənməsi kənd təsərrüfatında daha çox dəyər yaratmağa imkan verər. Düşünürəm ki, hazırda fokslanmalı olduğumuz ən vacib məsələ Azərbaycanda emal sənayesinin yaradılmasına və mövcud olanların genişləndirilməsinə böyük ehtiyac vardır. Bunun üçün də əsas güzəşt məsələləridir”.