Qubanın Qırız kəndində məktəb tikintisi zamanı qədim qəbirlər aşkarlanıb

14:34 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubanın Qırız kəndində məktəb tikintisi zamanı qədim qəbirlər və saxsıdan məişət əşyaları aşkarlanıb.

Hafta.az xəbər verir ki, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, Qırız kəndində 20 yerlik modul tipli məktəbin quraşdırılmasına iyun ayından başlanılıb. Qəbirlər məktəbin quraşdırılması zamanı yardımçı tikili üçün qazılan ərazidə üzə çıxıb.

Ərazidə aşkarlanan qəbirlərin XI-XII əsrlərə aid olduğu ehtimal edilir. Qəbirlər haqqında daha dəqiq məlumat ərazidə arxeoloqların araşdırmasından sonra məlum olacaq. Məktəbin tikintisi isə dayandırılıb və faktla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib.

Qədim qəbirlər aşkarlanan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri baxış keçirəcək.

Qubanın Qırız kəndi Qudyalçayın sahilində, Ağ dağın ətəyində, Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir.

Oxunma sayı 748