“Quranın yandırılması nifrət və zorakılığı qızışdırır” - Şahzadə Feysəl Bin Farhan

10:00 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl Bin Farhan ifadə azadlığından nifrət və mədəni qarşıdurma yaymaq üçün bir vasitə kimi istifadə edərək Quranın yandırılmasının davamlı olaraq təkrar edildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, səudiyyəli nazir bu barədə dünən İnsan Haqları Şurasında çıxışı zamanı bildirib. Bildirib ki, ifadə azadlığı xalqlar arasında hörmət və birgəyaşayışı yayan mənəvi dəyərdir.

“Quran nüsxələrinin yandırılması halları kin, zorakılıq və düşmənçiliyin qızışmasına səbəb olur. Bu hərəkətlər fikir və ifadə azadlığından insan hüquqlarına uyğun gəlməyən şəkildə sui-istifadə edir. Qlobal tolerantlıq və sülh mədəniyyəti yalnız bütün cəmiyyətlərdə dinlərə hörmət və qəbuletmə prinsiplərinin təşviqi üçün birgə beynəlxalq səylər vasitəsilə davam etdirilə bilər”, - nazir Farhan əlavə edib.

Nazir ölkəsinin Quran nüsxələrinin yandırılması hadisələrini kəskin şəkildə pislədiyini nəzərə çatdırıb. O, bu əməllərin heç bir əsasla qəbul edilə bilməyəcəyini, nifrət və irqçiliyi qızışdırdığını, tolerantlıq dəyərlərinin yayılmasına yönəlmiş beynəlxalq səylərlə birbaşa ziddiyyət təşkil etdiyini vurğulayıb.

“Krallıq insan hüquqlarına uyğun olaraq “ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən dini nifrətlə mübarizə” təklif edilən qətnamə layihəsinin qəbulunu səbirsizliklə gözləyir”,  - cənab Farhan deyib.

Siyasət rubrikasından digər xəbərlər