Ölkədə pandemiya səbəbindən iki ildən çoxdur ki, quru sərhədləri bağlıdır. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. İstisna olaraq, Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, may ayının 1-də koronavirusla bağlı tətbiq edilmiş bir sıra qadağalar aradan qaldırıldı. Quru sərhədlərin bağlı qalması iyulun 1-nə kimi uzadıldı.
Nəzərinizə çatdıraq ki, son 1 ayda gündəlik koronavirusa yoluxanların sayı 10 nəfəri keçmir. Ən yeni statistikaya əsasən isə aktiv xəstə sayı 47 nəfərdir.
Elə qonşu ölkələrdə də koronavirusa gündəlik yoluxma halları olduqca azdır. Bu da o deməkdir ki, quru yolları vasitəsilə virusun yayılması və yoluxma sayının artması real görünmür.
Görəsən, quru sərhədlərin bağlı olması iqtisadi baxımdan hansı çətinliklərə yol açır? Bu amil ölkəyə gələn turistlərin syına nə kimi təsir göstərir? Əvvəllər quru yolları ilə qəbul etdiyimiz turistlərin sayı nə qədər idi?
Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, quru sərhədlərin bağlı qalmasının heç bir məntiqi əsası yoxdur. Məsələ iqtisadi baxımdan ən çox sərhədyanı ticarətə və turizmə mənfi təsir göstərir:
“Bu, sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımız üçün əlavə çətinliklər yaradır. Hesab edirəm ki, qadağa aradan qaldırılmalıdır. Quru sərhədlərin bağlı olmasının sərhədyanı ticarətə, turizmə mənfi təsirləri var. Sərhəd bölgələrində yaşayan vətəndaşların bir çoxu kiçik bizneslə məşğul olurdular. Hansı ki, indi buna lazımi şərait yoxdur”. N.Cəfərli deyir ki, ölkəyə giriş-çıxışın yalnız hava nəqliyyatı vasitəsilə mümkün olması insanlarda, AZAL-ın inhisarçı mövqedə olduğu fikirlərini formalaşdırır:
“Əgər təyyarə ilə səyahət mümkündürsə, niyə quru yollarla bunu etmək olmasın? Hava nəqliyyatında biletlərin baha olması və quru sərhədlərin açılmaması əhalidə, AZAL-ın inhisarçı mövqeyi və daha çox gəlir əldə etmək istəməsi fikrini formalaşdırır. Bu da heç yaxşı hal deyil”.
Quru sərhədlərin açılmasının turizm sahəsində yaradacağı canlanmaya gəldikdə isə bu səpkidə yaranmış suallarımızı turizm eksperti Ceyhun Aşurov cavablandırdı. Onun sözlərinə görə, hər il ölkəmizə qonşu dövlətlərdən gələn turistlərin 50 faizdən çoxu quru yolları ilə səyahət edirdilər. Bu səbəbdən də quru sərhədlərin açılması turizmin canlanmasına şərait yaradacaqdır:
“Pandemiyadan öncə - 2019-cu ildə Azərbaycana 3 milyon 170 min xarici vətəndaş gəlib. Onların da 2,9 milyonu turistdir. Statistika göstərir ki, gələnlərin 70%-dən çoxu qonşu ölkə vətəndaşlarının payına düşür. Qonşu ölkələrdən gələn turistlərin, təxminən, 52-53 faizi quru yolları ilə səyahətə üstünlük verir. Biz əgər turizmin canlanmasını istəyiriksə, bütün risk faktorlarını nəzərə almaqla quru sərhədlərini açmalıyıq”.
Ekspert deyir ki, quru sərhədlərinin bağlı olması gələn turistlərin sayını azaltsa da, bu işdə artan səyahət xərclərinin rolu heç də az deyildir. İndi bir turistin beynəlxalq səyahəti əvvəlkindən 50 faiz daha bahadır:
“Pandemiyadan sonra bəzi ölkələrdə, artıq nəinki quru sərhədlər açılıb həm də PCR testi tələbi götürülüb. Hazırda ölkəyə turist qəbulunda ciddi aktivlik müşahidə edilmir. Buna pandemiya sonrası məhtudiyyətlərin qoyulması təsir etsə də, dünyada həm də səyahət xərcləri 50%-ə qədər bahalaşıb. Ümumdünya Turizm Təşkilatının hesabatlarında qeyd olunur ki, əvvəl şərti olaraq bir turistin beynəlxalq səyahəti 1000 dollarla ölçülürdüsə, indi təxminən 1500 dollara qədər artıb. Buna təsir edən amillər, enerji daşıyıcıları xərclərinin artması, məhdudiyyətlərlə əlaqədar uçuşlarda əlavə xərclərin çoxalması, ərzağın bahalaşması və s. səbəblərdir”.
İnfeksionist Mərdan Əliyev də hesab edir ki, hazırkı vəziyyətdə quru sərhədlərinin açılmasında heç bir maneə yoxdur.
Quru sərhədləri vasitəsilə ölkəmizə yalnız qonşu dövlətlərdən xarici vətəndaşlar gələ bilir. Həmin ölkələrin də koronavirusla bağlı hər hansı problemi yoxdur. Bu səbəbdən də müəyyən qaydalar gözlənilməklə quru sərhədlərinin açılmasında heç bir təhlükə gözlənilmir.