“Ramiz Mehdiyev işi”ndə bəlkə də Arif Hacılını narahat edən nəsə var - Deputat

12:17 02.12.2025
Yazını böyüt
Yazını kiçilt

“Əli Kərimlidən zəhləsi gedən və qarşı tərəfin də ona eyni cür yanaşdığı Arif Hacılı AXCP sədrinin Ramiz Mehdiyevin dövlət çevrilişi planında yer almaqda şübhəli bilinərək saxlanmasını əsassız sayaraq "hakimiyyətdaxili problem"lə əlaqələndirir. Bu, təkcə onun primitivliyindən və ucuz populizmə meylliliyindən qaynaqlanmır. Ötən əsrin 90-cı illərinin əvvəllərində lovğalanaraq neçəsə dövlətin dəstəyi ilə hakimiyyətə gəldiklərini bildirən bu adamı bəlkə də narahat edən nəsə var”.

Bunu Hafta.az-a “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlamasında deputat Sahib Alıyev deyib. Onun fikrincə, bütün hallarda "hakimiyyətdaxili problem" haqda iddia nə qədər gülməli görünürsə, Əli Kərimlinin dövlətə qarşı ağır cinayətlərə hazırlıqda şübhəli bilinərək saxlanması bir o qədər əsaslı təsir bağışlayır.

Deputat vurğulayıb ki, Dövlət Təhlükəsizlik Xidməti əlində dəlillər olmadan nə Əli Kərimli ilə bir neçə yandaşını şübhəli qismində saxlaya, nə də onun evində axtarış aparardı:

“Maraqlıdır ki, Əli Kərimlinin evində axtarış aparılarkən Ramiz Mehdiyevin Kremlə göndərdiyi məktubunun redaktə olunmamış variantının və onun "Milyarderlər İttifaqı" deyilən yığnaqla əlaqələrini təsdiqləyən sənədlərin üzə çıxdığı xəbər verilir. Həmən "Milyarderlər İttifaqı"nın Rusiyadan Azərbaycana lider qismində ixracı planlaşdırılan namizədini Əli Kərimli ilə yanaşı "Milli" Şuradakıların demək olar ki, əksəriyyəti dəstəkləyirdi. Əgər "Milli" Şura adından Rusiya Prezidentinə yazılan məktubla Ramiz Mehdiyevin müəllifi olduğu bildiriləni tutuşdursanız, müəyyən bənzərliklərin olduğunu da görəcəksiniz.
Yeri gəlmişkən, burada bəlli trol sürüsü kütləyə aşılamağa çalışır ki, Ramiz Mehdiyevin sözügedən məktubunun qaralama variantını axtarışa gedənlərin guya özləri Əli Kərimlinin evinə aparıblarmış. Tutaq ki, elədir, 2013-cü ildə eyni niyyətlə Rusiya Prezidentinə göndərilən və ona "demokratik Lider", "hüquq dövləti qurucusu" olaraq difirambların oxunduğu namənin altından Əli Kərimlinin yerinə imza qoyan da DTX idi?”

Tahirə Qafarlı