Rayonlarda ev təsərrüfatları LƏĞV EDİLİR - SƏBƏB

16:55 22.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar rayonlarda fərdi təsərrüfat subyektlərinin mal-qaralarını, yaxud da toyuq-cücələrini “əldən çıxarmağa” çalışmaqları halları bir xeyli artıb. Buna səbəb isə yem və saxlama xərclərinin artması göstərilir. Təsərrüfat sahibləri aşağı gəlirin artan xərcləri ödəmədiyini, çıxış yolunu isə heyvanları satmaqda gördüklərini deyirlər. 

Bəs görəsən ölkədə heyvan qidalarının bahalaşmasına əsas səbəb nədir? İdxal amili buna nə cür təsir edir? Hansı məhsul nə qədər bahalaşıb?

Məsələ ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli söylədi ki, son zamanlar tək heyvan yemlərində yox, demək olar bütün istiqamətlərdə ciddi inflyasiya müşahidə olunur. Hazırda dənli bitkilər 41, ərzaq məhsulları isə 33 faiz bahalaşıb:

“Nümunə üçün deyim ki, ərzaq məhsullarının qlobal qiymət indeksi son bir ildə 33% bahalaşıb. Dənli bitkilər, yəni heyvan qidaları son bir ildə 41% bahalaşıb. Qlobal miqyasda belə bahalaşmaya əsas səbəblər əlbəttə ki pandemiya, təlabatın qeyri proporsional paylanması, istehsalın azalması və havaların quraq keçməsidir. Dənli bitkilər bazarında qiymətlərin bahalaşması ümumilikdə pandemiyanın fəsadlarındandır. Heyvan yemləri bazarı da bundan ayrı deyil. Burada da eyni səbəbdən qiymət artımı müşahidə olunur. Həmçinin daşınma xərcləri də kəskin şəkildə bahalaşıb”.

Ekspert həmçinin qiymət artımına əsas səbəb kimi idxal amilini göstərir. O hesab edir ki, okean üzərindən daşınmalar məhsulların maya dəyərinə çox ciddi təsir göstərir:

“ Hazırda dünyada daşınma xərcləri 4-5 dəfə bahalaşıb. Okean üzərindən daşınmalar məhsulların maya dəyərinə çox ciddi təsir göstərir. Daha sonra əsas amillərdən biri də dövriyyəyə çoxlu pul buraxılmasıdır. Hazırda Amerika, Avropa, Yaponiya dövriyəyə çoxlu pul buraxaraq onun dəyərini aşağı salırlar. Nəticədə infilyasiyanı arıtırırlar. Əsas səbəblər sırf Azərbaycanla bağlı məsələlər deyil. İdxaldan asılılıqla əlaqədər infilyasiya ölkəyə daxil olur. Lakin buna başqa alternativ yoxdur. Azərbaycan kiçik ölkədir və o dünya ticarətinə inteqrasiya olunmaldır ki, təlabatını ödəyə bilsin”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 342,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

Oxunma sayı 2435