“Rebuild Karabakh” sərgisi çərçivəsində “Mədəniyyət naminə sülh” qlobal kampaniyası ilə bağlı sessiya keçirilib

22:33 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 22-də Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan “Qarabağın bərpa, yenidənqurma və inkişafı” beynəlxalq sərgisi (“Rebuild Karabakh” – 2021) çərçivəsində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunan panel sessiyası keçirilib.

Mədəniyyət Nazirliyindən hafta.az-a bildirilib ki, tədbirdə bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri iştirak edib.

Sessiyanı giriş sözü ilə açan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev bildirib ki, sessiya “Yalnız mədəniyyətin sülh üçün nə edəcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edəcəyini düşün” devizi ilə keçirilir.

Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə çıxış edərək qlobal kampaniya haqqında məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin dəstəyi, dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” kampaniyasına Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq tərəfdaşlarla birgə 2021-ci ilin iyun ayında başlanılıb. Kampaniyanın əsas məqsədi müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasına orada sülhün yaradılması vasitəsilə nail oluna biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir.

Kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur.

Bu kampaniya, eyni zamanda Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Dünya Mədəniyyətlərarası Dialoq Forumu ideyasının qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyi nümayiş etdirir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Elməddin Mehdiyev bildirib ki, “Mədəniyyət naminə sülh” kampaniyası yeni bir təşəbbüsdür: “Bir il əvvəl Vətən müharibəsində qazanılan Zəfərdən sonra həm Azərbaycan üçün, həm də region üçün yeni bir dönəm başladı. Azərbaycan Respublikası işğal faktını aradan qaldırıb, BMT-nin dörd qətnaməsini birtərəfli və təkbaşına həyata keçirib, torpaqlarını işğaldan azad edib”.

E.Mehdiyev vurğulayıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində bir sıra problemlərlə üzləşmişdi. Azərbaycana 25 il öncə humanitar yardım edilirdi. Lakin qısa müddət ərzində Azərbaycan humanitar yardım alan ölkədən donor ölkəyə çevrildi. Təkcə mövcud pandemiya dövründə Azərbaycandan 33 ölkəyə COVİD-19 virusu ilə mübarizə üçün yardım göndərilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov söyləyib ki, “Mədəniyyət naminə sülh”ün ölkəmiz tərəfindən başladılması təsadüfi deyil: “Bunun əsas səbəbi torpaqlarımızın otuz ilə yaxın işğal altında olması və sülhün aradan qalxmasıdır. İşğal dövründə mədəni abidələrimiz dağıdılıb, məhv edilib. Sülh özlüyündə insanların rifahının qaldırılması üçün bir vasitədir. Biz işğaldan azad olunmuş ərazilərə səfər edəndə oradakı vəziyyəti görərək erməni vandalizmi miqyasını düşünürük”.

İcraçı direktor dayanıqlı sülhün təmin olunmasının birgə yaşayış modelindən keçdiyini bildirərək regionun dayanıqlı iqtisadi, siyasi və mədəni inkişafını təmin etmək üçün qarşılıqlı əməkdaşlığın vacib olduğunu diqqətə çatdırdı.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında gənclərin rolunun vacibliyini vurğulayıb. Ölkə olaraq böyük tarixi keçmişə, milli dövlətçilik ənənələrinə sahib olduğumuzu qeyd edən B.İslamov bu sahibliyin əsas daşıyıcısının və qoruyucusunun da gənclər olduğunu diqqətə çatdırıb.

Sonda sessiya iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb.

Oxunma sayı 27