Qərb və Rusiyanın ortaq vasitəçiliyi də bu proseslə bitdi" - Ramil Hüseynov
"ATƏT-in Minsk qrupu beynəlxalq hüquqi çərçivə idi. Belə bir qurumun öz nizamnaməsinə uyğun fəaliyyətlərini yerinə yetirməməsi yeni reallıqların yaranmasına və Cənubi Qafqazda yeni bir strateji–geosiyasi vəziyyətin yaranmasına, nəticədə təşkilatın ləğvinə gətirib çıxartdı".
Bunu Hafta.az-a açıqlamasında "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

Mərkəz rəhbəri vurğulayıb ki, Qərb və Rusiyanın ortaq vasitəçiliyi də bu proseslə bitdi:
"Qərbin uzunmüddətli siyasəti və ümumən böyük güclərin siyasətində uzunmüddətli münaqişələrin donması prosesi var idi və Azərbaycan onu ləğv etdi. Məlumdur ki, Qarabağda qələbə qazandıqdan sonra ATƏT-in Minsk qrupu ilə bağlı tələb ilk olaraq Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və buna nail olundu. Ona görə də bu gün yalnız Azərbaycanın bu tələbindən sonra münaqişələri həll edən regional güclər ortaya çıxdı. Regional güc Azərbaycandır. Çünki Azərbaycan 44 günlük Zəfər müharibəsindən sonra regionda yeni reallıqları və tələbləri diqtə edir. Bu, bizim üçün çox böyük siyasi divident və diplomatik uğurdur.
Ümumilikdə ATƏT-in Minsk qrupunun ləğvi ilə yeni reallıqların yaranması, geosiyasi vəziyyətə yeni baxış bucaqlarının meydana gəlməsi ortaya çıxdı. Beynəlxalq balanslaşdırma oyununda iştirak edən dövlətlər və Minsk qrupunda təmsil olunanlar bu kimi məsələləri öz siyasi maraqlarına uyğun olaraq birmənalı şəkildə həll etmək istiqamətində əməli addım atmadıqlarına görə, bu prosesi də bitirdik. Təbii ki, bu gün fərqli bir mənzərə yaranıb. Burada həm Qərbin Cənubi Qafqazda təsir imkanlarının sıfıra enməsi, həm də Rusiyanın təsir imkanlarının zəifləməsi Azərbaycanın regionda əsas güc sahibinə çevrilməsinə səbəb oldu. Azərbaycanın geosiyasi maraq və imkanları artdı, öz şərtlərini diktə edən regional güc statusunu qazandı. Bu prosesdə digər ölkələrdən, o cümlədən Minsk qrupundan asılılığımız aradan qalxdı".
Siyasi tədqiqatçı vurğulayıb ki, uzun müddət onların gediş-gəlişi və müəyyən şərtləri ilə razılaşmalar əldə etmək üçün dialoqlar olub, amma heç vaxt uğurlu nəticələr verməyib.
R.Hüseynov bildirib ki, regiona dəyişən baxışın nəticəsi olaraq, bu gün Türkiyənin regionda rolunun artmasını və Azərbaycan–Türkiyə strateji müttəfiqliyini nəzərə alaraq sabitliyin və dayanıqlı inkişafın yaranması üçün çox böyük siyasi-iqtisadi şərait formalaşıb. Bu siyasi-iqtisadi şəraitdən də məharətlə və düzgün istiqamətdə istifadə edib regionun inkişafı və sülhün daimi olması üçün Azərbaycan əlindən gələni edir. R.Hüseynov deyir ki, bu, ümumilikdə Azərbaycan diplomatiyasının çox böyük bir qələbəsidir:
"Paralel olaraq bu qələbədə nəzərə almalıyıq ki, biz artıq yeni güc mərkəzi yaratmışıq. Bu güc mərkəzi yeni dünya nizamının bütün tələblərini həyata keçirmək üçün açıq və şəffaf addımlar atır. Bununla da regionda liderliyimiz daha da güclənib. Kənar qüvvələrin təsir imkanlarının tamamilə sıfıra endirilməsi də bizim geosiyasi uğurumuzdur, yeni geosiyasi mərhələyə keçidimizdir.
Bütün bunları nəzərə alaraq, ATƏT-in Minsk qrupunun sadaladığım funksiyalarının və Qarabağ məsələsində təsir imkanlarının azalması və ləğvi nəticəsində biz bu reallıqlarla qürur duyuruq. Ümumiyyətlə, təkcə ATƏT-in Minsk qrupu deyil, digər beynəlxalq təşkilatlar da var ki, onlar da müəyyən missiyalarını yerinə yetirə bilmir. Bu cür təşkilatların ləğv olunması və daha çevik, aktiv, təşkilat və blokların yaranmasına ehtiyac duyulur. Bu gün Azərbaycan regionda sabitlik yaradıb. Dünyanın digər regionlarında isə proseslər fərqli kontekstdə gedir. Həmin təşkilat və blokların təsir imkanlarını görürük. Onlar maksimum dərəcədə çalışırlar ki, prosesləri uzatsınlar və fərqli istiqamətə yönəltsinlər. Bu da özlərinin siyasi və iqtisadi maraqlarını həyata keçirmək üçündür. Bizdə isə daxili siyasətdə bu vəziyyət Azərbaycanın gələcək strateji üstünlüyünə gətirib çıxarır. Prezident İlham Əliyevin bu tələbi həyata keçirməsindən sonra xalqımız da regionda bu üstünlüklərin nəticələrinin şahidi olacaq".
Tahirə Qafarlı