Regionların inkişafında yeni mərhələ - Aktual

12:40 02.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən sistemli addımlar bu gün də uğurla davam etdirilir. Qeyd edək ki, keçən dövr ərzində bütövlükdə hər bir istiqamət üzrə xeyli işlər görülüb. Regionların həm sosial-iqtisadi inkişaf göstəricilərində, həm də regionların iqtisadi inkişafda payında icra olunmuş tədbirlər mühüm nəticələrə gətirib çıxarıb. Bütövlükdə regionların həm qeyri-neft sektorunun inkişafında, gənclərin və qadınların regional inkişafda rolunun artırılması istiqamətində, peşə təhsili və kadr hazırlığının inkişafı istiqamətində, maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində, turizmin inkişafı istiqamətində, sosial müdafiənin gücləndirilməsi, yeni iş yerlərinin açılması, məşğulluğun artırılması istiqamətində, ekologiya və təbii sərvətlərdən istifadə istiqamətində, yol təsərrüfatının və nəqliyyatın inkişafı istiqamətində, enerji təchizatının yaxşılaşdırılması istiqamətində, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində proqram çərçivəsində kifayət qədər işlər görülüb.

Dövlət büdcəsindən təkcə son 4 il ərzində bu istiqamətdə də xeyli vəsait ayrılıb. Bu vəsaitin icrası nəticəsində regionların sosial-iqtisadi inkişafında nəticələr əldə olunub. Məsələn, Azərbaycanın 2022-ci il üzrə əldə etdiyi iqtisadi yekunlarına diqqət yetirdikdə də bunu aydın görmək mümkündür. Belə ki, ümumdaxili məhsulumuz böhran və çətinliklərə baxmayaraq, 4,6 faiz artıb, qeyri-neft sektorumuz 9,1 faiz artıb və bu artımın fonunda regionlarda əsasən insanların məşğul olduğu kənd təsərrüfatı sahəsində məhsul istehsalı 3,4 faiz artıb ki, bu da həm görülən tədbirlər, həm tətbiq olunan innovativ tədbirlər, həm də əhalinin və insanların bütövlükdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması ilə bağlı həyata keçirdiyi fəaliyyət nəticəsində bu inkişafa nail olunub.

Bundan başqa, görülən işlərin nəticəsi olaraq real sektora özəl investisiyanın cəlb edilməsi istiqamətində də ciddi irəliləyişlər mövcuddur. Belə ki, real sektora 386 milyona yaxın investisiya yatırılıb, 3300-ə yaxın iş yeri açılıb. Sahibkarlığın İnkişaf Fondu tərəfindən sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına güzəştli kreditlərin ayrılması, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə təşviqedici və stimullaşdırıcı iqtisadi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Hazırda dünyada gedən siyasi-iqtisadi proseslərin təsirlərinin azaldılması üçün ölkəmizdə kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı əsaslı dövlət proqramları işlənərək hazırlanıb. Pandemiyanın təsirlərinin azaldılması ilə əlaqədar 2020-ci ildə sahibkarlara müəyyən maliyyə yardımları edilib.

Yeri gəlmişkən regionların inkişafı işğal altındakı torpaqlarımızın azad edilməsiylə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran, dağlıq hissəsi də daxil, Ağdam, Füzuli, həmçinin Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır.

Bu gün hökumətin üzərinə düşən vəzifə ikiqat artıb. Çünki Qarabağın dirçəldilməsi və 30 ilə yaxın müddətdə doğma yurda qayıdış həsrətilə yaşayan əhalinin el-obasına dönüşü həyata keçməlidir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planını təsdiqləyib. Tədbirlər Planı çoxşaxəlidir və sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edir.

Eyni zamanda, sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. Əsas məsələlərdən biri əhalinin doğma yurda qayıdışının sürətləndirilməsi olduğundan, 2022-2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir.

Qeyd etmək yerinə düşər ki, aradan az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda infrastruktur layihələrinin icrası uğurla başa çatıb. Yeni layihələrin icrası da intensiv şəkildə davam etdirilir. Bu günlərdə qaçqın və məcburi köçkün soydaşlarımız işğaldan azad edilmiş ərazilərə növbəti qayıdışın böyük sevincini yaşayıblar. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 50 nəfərdən ibarət daha 10 ailə köçürülüb. Yaxın vaxtlarda yeni belə layihələrin icrası da nəzərdə tutulub. Kəndlərlə yanaşı, böyük şəhərlərin də bərpasına start verilib və yaxın gələcəkdə bu ərazilərin inkişafının iqtisadi artımda ciddi paya malik olacağı proqnozlaşdırılır.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biridir: “Nəzərə alsaq ki, Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqəti var. Dövlət başçısının mütəmadi olaraq bölgələrə səfəri rayonlarımızın inkişafı və bütövlükdə ölkədə balanslı iqtisadi inkişafın formalaşması məqsədi daşıyır. Ötən il də regionların sosial-iqtisadi inkişafı ilə bağlı infrastruktur layihələri davam etdirilirdi. Mərhələli şəkildə, iqtisadiyyatın balanslı şəkildə inkişafı və regionlarla paytaxt arasındakı fərqin minimumlaşması müşahidə olunur. Bu baxımdan regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları da rayonlarda infrastrukturun formalaşmasına ciddi təkan vermiş oldu. Artıq regionların inkişafı ilə bağlı yeni mərhələyə qədəm qoyulub. Bu, əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsi mərhələsidir. Təbii ki, bu da yeni iş yerlərinin yaradılması, eləcə də tək yerli yox, həm də xarici sərmayələrin cəlb edilməsi imkanları deməkdir. Ona görə də regionların sosial və iqtisadi inkişafla bağlı həyata keçirilən layihələr rayonlarımızda infrastrukturun daha da təkmilləşməsinə təkan verir”.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra hazırda Qarabağın, eləcə də şərqi Zəngəzurun bərpası və yenidənqurması Azərbaycan üçün prioritetdir: “Yalnız 2021-2022-ci illərdə dövlət büdcəsindən hər iki iqtisadi rayonumuzun bərpasına və yenidənqurmasına 8 milyarda yaxın vəsait ayrılıb. Bu, ondan xəbər verir ki, regionların inkişafında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin daha qısa zamanda bərpası, yenidənqurması və reinteqrasiyası prioritet olaraq güclənməkdədir. Bu baxımdan biz son iki ildə həm regionların inkişafı ilə bağlı, həm də işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurmasını müşahidə edirik: “Təbii ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması heç də digər bölgələrimizin diqqətdən kənar qalması anlamına gəlmir. 2022-ci ildə digər bölgələrimizdə də infrastruktur layihələri davam etdirildi. O cümlədən, yolların inkişafı, bərpası, yeni infrastruktur, nəqliyyat və kommunikasiya, logistik infrastrukturun genişləndirilməsi ilə bağlı işlər davam etdirildi. 2023-cü ildə Şərqi Zəngəzurun qurulmasına 3 milyard manat vəsait ayrılıb. Digər bölgələrdə də infrastruktur layihələri 2023-cü ildə davam etdiriləcək”.

Oxunma sayı 222