Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində muğam konserti təşkil olunub.
Hafta.az xəbər verir ki, səfirlik, Mədəniyyət Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun birgə təşkil etdiyi konsertdə mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar keçirildiyini deyib, ölkəmizin zəngin mədəniyyəti və musiqisi haqqında ətraflı məlumat verib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov isə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm siyasi addımdır. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başlandığını diqqətə çatdırıb, bunun ölkəmiz üçün əlamətdar gün olduğunu deyib.
Diplomat qeyd edib ki, muğam zəngin və rəngarəng Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Tar, kamança və qavalın UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləri olduğu bildirilib. Bu muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir.
Muğam televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Pərviz Fərhadov çıxış ediblər. Azərbaycan muğamının könül oxşayan nümunələri rəğbət və alqışlarla qarşılanıb.