Akkuyu Atom Elektrik Stansiyasının (Akkuyu AES) 1-ci enerji bloku üçün avadanlıq Rusiyanın Sankt-Peterburq şəhərində istehsal olunub. İki üfüqi rütubət ayırıcı və təkrar qızdırıcı sistemdən ibarət avadanlığın donmuş Neva çaydan keçməsi üçün aparılan əməliyyata üç buzqıran və iki yedək gəmisi, həmçinin xüsusi müdaxilə maşınlar qatılıb.
Hafta.az-ın yazdığına görə, Sankt-Peterburqda adətən yay aylarında gəmilərin keçməsi üçün açılan körpülər bu əməliyyatla Akkuyu AES üçün qış şəraitində açılıb.
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un maşın istehsalı departamentinə daxil olan İzhora Zavodunun istehsalat direktoru Pavel Kosterin qış aylarında Neva çayı boyunca həyata keçiriləcək daşımaların çox mürəkkəb logistika əməliyyatı olduğunu bildirib.
"İlk dəfədir ki, həll etməli olduğumuz bir çox problemlərlə üzləşdik. Bir çox təşkilatlar estakadadan Sankt-Peterburqun Böyük Limanına səyahəti rahat və təhlükəsiz etmək üçün çalışdılar. Biz Sankt-Peterburqun səlahiyyətlilərinə minnətdarıq. Peterburqa və mürəkkəb məsələlərin həllində bizə kömək edən bütün təşkilatlara təşəkkür edirik” deyib.
Limandan göndərilən avadanlıq yaxın vaxtlarda Akkuyu AES-in tikinti sahəsinə gətiriləcək.