Rumıniyanın Mədəniyyət Günü onlayn formatda qeyd olunacaq

17:20 15.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rumıniyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rumın Dili və Mədəniyyəti Mərkəzi hər il 15 yanvar Rumıniya Mədəniyyəti Günündə müxtəlif tədbirlər həyata keçirir.
Hafta.az-ın yazdığına görə, pandemiya ilə əlaqədar olaraq son vaxtlar bir çox tədbirləri onlayn formatda reallaşdıran səfirlik builki Rumıniya Mədəniyyət Günündə də mədəniyyətsevərlərlə onlayn platformada görüşəcək. Belə ki, 2021-ci il yanvarın 18-də Rumıniyada doktorantura təhsil almış tarix üzrə fəlsəfə doktoru Jalə İsmayılın "Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar" (România-Azerbaidjan: două culturi, infinite oportunități) adlı kitabının onlayn təqdimat mərasimi keçiriləcək. Tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Rumıniyanın Babeş-Bolyay Universitetindən dr. Marqareta Aslan, Şimali Makedoniyanın Müqəddəs Kiril və Metodius Universitetindən Nikolae Stançiu iştirak edəcəklər.
"Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar" kitabı iki ölkə arasında mədəni əlaqələr tarixindən bəhs edir. Tədqiqat işi Azərbaycan, Rumıniya, Rusiya və Türkiyədə əldə edilmiş kitabxana və arxiv materialları əsasında yazılıb. Bu araşdırma həm də Rumıniyanın Azərbaycandakı ilk səfiri və doktorantın elmi rəhbəri olan professor Tahsin Cəmillə Jalə İsmayıl arasında sıx əməkdaşlığın nəticəsidir. Kitab 2020-ci ildə Azərbaycan Dillər Universitetinin nəzdindəki Rumın Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü, Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunun dəstəyi ilə nəşr edilib.
Maraqlananlar yanvarın 18-də saat 15:00-da onlayn təqdimata qatıla bilərlər. Qatılmaq üçün məlumatlar afişada əks olunub.
Oxunma sayı 1323