Rusiyanın Voloqda şəhərində anadan olan milyarder Dmitri Buxman, dünyanın ən nüfuzlu tərcümə ədəbiyyatı mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının yeni sponsoru olub.
Hafta.az yazır ki, “Financial Times”ın məlumatına görə, Dmitri və Darya Buxman tərəfindən təsis edilən "Buxman Xeyriyyə Fondu" mükafat üçün on il ərzində illik 1,4 milyon funt sterlinq maliyyələşdirmə təmin edəcək.
Razılaşmadan sonra mükafatın rəsmi adı "Buxman Beynəlxalq Buker Mükafatı" olaraq dəyişdiriləcək. Əsas mükafat fondu müəllif və tərcüməçilər arasında bölüşdürülmək üçün 50 min funt sterlinqdən 100 min funt sterlinqə qədər artırılacaq.
Böyük Britaniyada yerləşən Buker Mükafatı Fondunun prezidenti Qebbi Vud yeni əməkdaşlığın yalnız mükafatın gələcəyinə deyil, həm də tərcümə ədəbiyyatı dünyasına təsir göstərə biləcəyini bildirib.
Darya Buxman Rusiyada uşaqlığı dövründə xarici ədəbiyyatın tərcüməsinin onun üçün "dünyaya açılan pəncərə" olduğunu söyləyib və əlavə edib ki, onlar layihəyə şəxsi məna verirlər.
Buxman qardaşları 2004-cü ildə qurduqları Playrix şirkəti ilə dünya miqyasında uğur qazandılar. Gardenscapes, Homescapes, Township və Fishdom kimi məşhur oyunların yaradıcısı olan şirkətin 2024-cü ildə 2,6 milyard dollar gəlir əldə etdiyi bildirilir.
“Forbes”ə görə, hər birinin xalis sərvəti 13,6 milyard dollar olan Dmitri və İqor Buxman mobil oyun sənayesinin ən varlı şəxsləri arasındadır.
Şirkətin baş ofisi Dublində, Playrix isə Serbiya, Ukrayna, Qazaxıstan, Ermənistan və Kiprdə studiyalar işlədir. Buxman qardaşları İsrail vətəndaşlarıdır və Londonda yaşayırlar.