Rusiyada hər 4 nəfərdən 3-ü özünü pravoslav xristian adlandırır. Bununla belə, rus pravoslavlar arasında ibadət edənlərin nisbəti 1 faizdir.
Hafta.az-ın yazdığına görə, Daxili İşlər Nazirliyi yanvarın 7-də qeyd olunan Milad ərəfəsində kilsələri ziyarət edənlərin sayının 2020-ci illə müqayisədə azalaraq 1,4 milyon nəfərə düşdüyünü açıqlayıb. Məlumata görə, “Novye İzvestiya” portalı Milad bayramında kilsəyə gedənlərin sayının 20 ildir ki, azaldığını qeyd edir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2004-cü ildə 3 milyon rusiyalı Milad bayramını kilsələrdə qeyd edib.
Platformanın araşdırması göstərir ki, ruslar oruc zamanı ət, balıq və süd istehlakını azaltmayıblar. Pravoslav xristianlar oruc zamanı adıçəkilən ərzaqları yeməməlidirlər.
Araşdırmaya görə, rusların oruc zamanı qismən azaltdıqları yeganə məhsul spirt olub. Platforma analitikləri oruc zamanı spirt istehlakının yüzdə 7 azaldığını açıqlayıb.
Portala danışan politoloq Aleksandr Kınev “Rusiyada kağız üzərindəki sosializm, kağız üzərindəki pravoslavlıqla əvəzlənib” deyib. Kınev əlavə edib ki, insanlar əvvəllər Lenini oxumurdu, indi də “İncil”i.