Rus siyasətinin daha bir acizliyi – Saxta erməni tarixinin təbliği

17:35 01.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyada azərbaycanlılara qarşı törədilən özbaşınalıq, aqressiya fonunda Azərbaycana qarşı növbəti təxribatların üstü açılıb. Belə ki, 2025-ci ildə Rusiyanın "Knijnıy Mir" nəşrində erməni diasporuna məxsus və Dialoq təşkilatının maliyyə dəstəyi ilə "Dağlıq Qarabağ"ın memarlıq şedevrlərini kim və kimin torpağında yaradıb?" ("Кто и на чьей земле создал архитектурные шедевры Нагорного Карабаха?") adlı kitab nəşr olunub. Kitab Azərbaycan tarixinə, mədəniyyətinə, memarlığına nifrət tonunda yazılıb. 17-ci səhifədə qeyd edilir ki, 1918-ci ilə qədər Arazdan Şimala doğru ərazilər Azərbaycan deyil, Şiraz, Şirvan, Şamaxa və "Rus Ermənistanı" adlandırılıb. Kitabın müxtəlif hissələrində Azərbaycan toponimləri erməniləşdirilib.

Belə ki, Naxçıvan (Naxçiani), Gəncə (Gandzak) və s. kimi təqdim edilib. Müəllif iddia edir ki, sovet dövründə Azərbaycan SSR ərazisində erməni əhaliyə qarşı “etnosit törədilib”. Şuşa haqqında bəhs edən müəllif şəhərin yalnız 1992-ci ildə işğal edilməsindən sonra “inkişaf etməyə” başladığı qeyd edib (səhifə 43). Kitab müəllifi Azərbaycan Respublikasında yaşayan udinlər haqqında təhqiramiz ifadələr səslənidirib və bununla ölkəmizdə milli zəmində ayrı-seçkilik və nifrət yaymağa çalışıb (səhifə 53). Kitabın müəllifi Moskvada "Bolşoy Teatr"ın rekonstruksiyasında iştirak etmiş, müxtəlif mükafatlara layiq görülmüş rusiyalı memar Nikita Şangindir. Kitabın nəşr olunduğu "Knijnıy Mir" nəşriyyat evi Rusiya Parlamentinin deputatı Anatoliy Qreşnikovun köməkçisinə məxsusdur.

Kitab Rusiyanın ən böyük "Biblio-Qlobus" kitab mağazasında təqdim edilib və burada açıq satışdadır. Eyni zamanda "Ozon.ru", və "MirKniqi" online kitab mağazalarında da satılır.

Qarabağ tarixini araşdıran alim Qasım Hacıyev hafta.az-a bildirib ki, bu saxta tarixi yazılanların niyyətləri bəllidir. O, Azərbaycana qarşı aparılan bu iyrənc siyasətin 200-300 il əvəllə getdiyini deyib. Tarixçi alim qeyd edib ki, rus imperiya hərisləri daim Azərbaycanı özünün təsiri altında saxlamaq üçün bu cür saxta, təxribatçı  üsullardan istifadə edib və tarixin müəyyən dövrlərində öz niyyətlərinə çatıblar. O, bu gün Azərbaycanın məlum təxribatlara boyun əyməməsi üçün əlində geniş imkanların olduğunu və bunun 44 günlük savaşda qazanılan zəfərdən sonra regionda yaradılan yeni reallıqlarla daha da gücləndiyini deyib. Onun fikrincə, Azərbaycan tarixçilərin, cəmiyyətimizin üzləşdiyi bu faktlar narahatlıq və təəssüf doğursa da, düşmən və onun niyyəti bəlli olduqca savaşmağın da asandır.

Q.Hacıyev bildirib ki, Azərbaycana qarşı tarixin saxtalaşdırılması, həqiqətlərin inkar edilməsi, təhrif olunması rus siyasətinin acizlik nümunəsidir. Onun sözlərinə görə, bu,  imperiya xisləti ilə yaşayan Rusiyanın Azərbaycana olan münasibəti tamamilə yalan üzərində olan kitabın mətnindən bir daha  görünür. Tarixçi alim qeyd edib ki, Rusiyanın ermənilərlə əlbir olaraq Azərbaycana, bütünlüklə türkdilli xalqlara münasibəti şər, böhtan, yalan üzərində qurulub.

“Hələ 7-8 il öncə ATƏT-in Minsk qrupunun sədrlərindən və Qarabağı ağır vəziyyətə salanlardan biri Vladimir Kazimirov bir kitab yazmışdı. Kitabının adı belə idi: Qarabağa sülh arzusu, Rusiyanın barışdırıcı missiyası. Bu kitabın bir dəfə Moskvada, 2 dəfə Ermənistanda təqdimatı keçirilmişdi. Mənim o kitabla bağlı cavabımdan sonra, Kazimirov bir daha bu mövzuda danışmadı. Kazimirova cavabım sonradan kitab halında nəşr olundu. Kitabın adı “Kazimirovun sülh arzusu və əsl niyyəti” idi. Elə birinci cümlədə yazmışdım ki, Vladimir Kazimirov onda səhv edib ki, kitabın üz qabığında Rusiyanın qarışdırıclıq missiyası əvəzinə, barışdırıcılıq missiyası yazıb.  Bu və digər tarixi faktlara xronoloji ardıcıllıqla yanaşsaq, Rusiyanın Azərbaycana qarşı təxribatçı niyyətləri şübhə doğurmur. Bununla yanaşı, 7-8 il öncə Rusiya səfiri Tarix institutunun direktor müavininin yanına gəlmişdi. Qarabağ tarix şöbəsinin rəhbəri kimi məni də görüşə çağırmışdılar. Səfir orada öz  boyundan da hündür kitabları üst-üstə yığıb, “bu kitablar və məqalələr toplusudur, sizin Azərbayan tarixçiləri Rusiyanın sizə elədiklərinin əvəzində Rusiyanın əleyhinə yazıb” deyə bildirmişdi. Direktor müavini Cəbi müəllim, “nə olsun, biz nə var onu da yazmışıq” demiş və səfirin hədələyici tonda danışmasına cavab olaraq, sərt şəkildə səfiri otaqdan çıxarmışdı.  Yəni Rusiyanın Azərbaycanla bağlı mövqeyi, niyyəti bəllidir və daim Azərbaycanı aşağılamaq, təsir etmək üçün bütün vasitələrdən istifadə edir. Yalançı tarix yazdırır, istədiyi zaman qırğınlar törədir, dağıdır. Öz adını başqasına qoyur.

Bütün bunların əsasında Rusiya tarixşünaslığı durub. Azərbaycan tarixində nə qədər böhtan, alçaldıcı fikirlər varsa hamısı Rusiyadan gəlib”.