Rus sülhməramlılarının fəaliyyəti ciddi suallar doğurur - politoloq

15:49 03.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün rus “sülhməramlı”larının Laçın dəhlizində, ümumiyyətlə, Xankəndi ətrafındakı fəaliyyəti ciddi suallar doğurur.

Bu fikirləri hafta.az-a ekspert Natiq Cəfərli deyib:

“Sülhməramlıların rəhbərləri Azərbaycan tərəfinin rəsmi axtarışa verdiyi şəxslərlə görüşür, onlarla müzakirələr keçirir,  nəzarətlərində olduğu ərazilərdən Ermənistana, Qarabağa, hətta Rusiyaya səfərlər etmələrinə şərait yaratmaqla öz bildiklərini edirlər.  

Bu, Azərbaycanda ciddi suallar doğurur və dəfələrlə rəsmi səviyyədə iradlar bildirilib.  Təəssüf ki, məsələ Rusiya tərəfinin özünün maraqları çərçivəsində həllini tapmır. Ruslar bizim separatçı və terrorçu elan etdiyimiz insanları Xankəndinin ətraf rayonlarının idarəçisi kimi faktiki olaraq  tanıyıblar.

Azərbaycan tərəfi bu məsələni Rusiya qarşısında daha kəskin şəkildə qaldırmalıdır. Qarabağda qalan dinc erməniəsilli vətəndaşların gələcəkdə idarəetmədə iştirakı mümkün olsa da, silahlı revanşist niyyətli ermənilər dərhal ərazilərimizdən çıxarılmalı və üçtərəfli sazişin müddəlarına əsasən bu məsələ sülhməramlıların qarşısında tələb kimi qoyulmalıdır”.