Rusiya Çinə neft ixracını 4 ayda 13 faiz artırıb

10:05 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Rusiyadan idxal etdiyi neftin miqdarı 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,85 faiz artıb.

Hafta.az-ın yazdığına görə, yanvar-mart dövründə Çin Rusiyadan ümumilikdə 28,528 milyon ton neft idxal edib. Bu artımla Rusiyanın Çinə neft ixracının dəyəri 17,9 faiz artaraq 13,858 milyard dollara çatıb.

Çin Gömrük İdarəsinin məlumatlarına görə, Rusiya Çinin ən böyük neft tədarükçüsü mövqeyini saxlayır. İkinci yerdə birinci rübdə 12,1 milyard dollara 19,8 milyon ton neft ixrac edən Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 9 milyard dollara 15,6 milyon ton neft ixrac edən İraq qərarlaşıb.

Bundan əlavə, yanvar-mart dövründə Çin Rusiyadan 1,648 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb. Bununla belə, dəyər baxımından LNG ixracı 19,7 faiz azalaraq 1,06 milyard dollar olub.

Gömrük məlumatlarına görə, Rusiya Çinin ən böyük LNG təchizatçıları arasında dördüncü yeri tutur, Avstraliya isə liderliyi qoruyur.

Çinlə Rusiya arasında ticarətin həcmi 2023-cü ildə rekord 26,3 faiz artaraq 240,11 milyard dollara çatıb.

2024-cü ilin birinci rübündə ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 56,68 milyard dollar olub. Bu dövrdə Çin Rusiyaya 24 milyard 428 milyon dollar, Rusiya isə Çinə 32 milyard 254 milyon dollar dəyərində mal ixrac edib.

Oxunma sayı 215