Rusiya Ermənistana niyə kömək etmədi - TƏHLİL

20:30 19.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Ermənistan sərhəddində bir neçə gün əvvəl yaşanan təxribatlar nəticəsində Silahlı Qüvvələrimiz düşmənin növbəti məkrli planlarını ağır zərbələr endirərək məhv etdi. Bu olaylardan sonra Ermənistan Azərbaycanı onun "suveren ərazilərinə hərbi müdaxilə"də ittiham edərək Rusiyanın İrəvana hərbi yardım etməsini istədi. Lakin bu istək cavabsız qaldı, yaxud birbaşa "yox" reaksiyası verildi. İndi İrəvanda Moskvanın nə üçün hərbi yardım etmədiyi ilə bağlı müxtəlif səbəblər, arqumentlər göstərilir.

Biz də bu səbəbləri araşdırmağa çalışacağıq. Əslində Kreml tərəfindən artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 44 günlük Vətən müharibəsi zamanı ortaya qoyulan mövqe tamamilə aydın şəkildə ifadə edilmişdi. Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın suveren əraziləri olduğunu xatırladaraq Moskvanın bu münaqişəyə hərbi müdaxiləsi üçün heç bir hüquqi əsasın olmadığını bəyan etmişdi.

Lakin indi baş verən hərbi təxribatların coğrafi məkanı Qarabağ bölgəsi yox, Azərbaycan Ermənistan sərhəddidir, hansı ki hələ müəyyənləşdirilməmiş qalır və tərəflər qarşılıqlı şəkildə rəsmi olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanımayıblar. Ortada hansısa hüquqi sənədin olmaması Moskvanı yenə də bir il əvvəlki mövqeyini təkrarlamağa vadar edir. Ancaq Rusiyanın hərbi müttəfiqi Ermənistanı İrəvanın son hərbi təxribatlarında yenə də yalnız qoymasının tək səbəbi budurmu? Təbii ki, xeyr. Belə bir mövqenin sərgilənməsi üçün daha tutarlı səbəblər mövcuddur. Gəlin onlara nəzər salaq:   

1-ci səbəb - 30 il ərzində Ermənistan Azərbaycanın suveren ərazilərini işğal altında saxlayıb. Buraya tək keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin ərazisi yox, həm də ətraf  7 rayon daxil idi. Bütöv şəhərlər yer üzündən silinib, bu fakt rusiyalı jurnalistlərin həmin ərazilərə media-turları zamanı da qeydə alınıb. O zaman nə üçün Ermənistan BMT TŞ-nin qətnamələri və dövlətlərin ərazi bütövlüyünə hörmət göstərilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına fikir vermirdi? Həmin dövrdən İrəvanın mövqeyində hansı dəyişikliklər olub?

2-ci səbəb - Bu günə qədər Ermənistana tabe olan silahlı birləşmələr beynəlxalq səviyyədə Azərbaycan ərazisi sayılan Qarabağdadır. Ermənistan hüquqi baxımdan "DQR" adlı "qurumu" tanımır. O zaman erməni hərbi çağırışçılar Azərbaycan ərazisində nə edir? Hətta keçmiş müdafiə naziri Qarabağa gələrək onları yoxlamışdı. Baş nazir, XİN səviyyəsində erməni rəsmilər Qarabağ bölgəsi ilə bağlı "öz müqəddəratını təyin etmə hüququ" tələb edərək fəaliyyətləri və diplomatik bəyanatları ilə Azərbaycanın ərazi bütövlüyünü pozurlar.

3-cü səbəb - Ermənistan Laçın və Kəlbəcər istiqamətində, toqquşmaların baş verməsinə şərait yaradan çoxsaylı boz zonaların olduğu ərazilərdə sərhədlərin demarkasiya və delimitasiyasından niyə imtina etdiyini açıqlamalıdır. Niyə bir il ərzində bu proses yubadılır? Cavab aydındır. Ermənistanın özünün Azərbaycana qarşı ərazi iddiaları davam edir.

4-cü səbəb - On illərdir, indinin özündə də Ermənistan ordusu Azərbaycanın Qazax rayonunun 7 kəndini işğal altında saxlayır. Yəni faktiki olaraq işğal amili tam ortadan qaldırılmayıb.

Rusiyalı siyasilərin məsələyə yanaşmaları da maraqlıdır. Onlar bu səbəbdən Azərbaycanı ittiham etməmişdən əvvəl Ermənistan özünün yanaşmalarına baxmalı olduğunu önə çəkirlər. Xüsusi olaraq vurğulanır ki, indiki yanaşma tərzi ilə İrəvan problemlərini hərbi müttəfiqlərinin yardımına bel bağlamadan özü həll etmək məcburiyyətində qalacaq.

Əslində Rusiyada da anlayırlar ki, Paşinyan azacıq fürsət tapan kimi Moskva və onun Ermənistan üzərindəki təsirinin azaldılması istiqamətində əməli fəaliyyətə keçəcək. Bu ssenarinin reallaşdırılması planlarının isə Avropa, xüsusilə də Rusiyanın Ermənistanda əsas rəqibi sayılan ABŞ, Soros Fondu və Fransanın siyasi texnoloqları tərəfindən hazırlandığı Kremlə bəllidir.

Moskvada onu da qəbul edirlər ki, hər cəhətdən Ermənistandan hərbi baxımdan çox üstün olan Azərbaycan Ermənistanla hansısa yeni müharibənin başlamasını planlaşdırmır. Baş verənlər sadəcə Ermənistan baş nazirinə doğru yolu göstərmək üçün "xəbərdarlıq fəaliyyəti"dir. Artıq Ermənistan baş nazirinin də bu xəbərdarlığı çox yaxşı anladığı görünməkdədir. Təbii ki, Ermənistan müdafiə nazirinin hazırda rus sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın suveren ərazilərinə qanunsuz səfər etməsi Bakıda haqlı hiddət doğurdu və bu addımına görə Arşak Karapetyan Qarabağa qanunsuz səfərinin bədəlini vəzifəsindən uzaqlaşdırılmaqla ödədi. Az müddət əvvəl Kremlin sahibi Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən imtina edən erməni baş nazir Nikol Paşinyan isə Bakıya sülh sazişi imzalamağı təklif etdi. Hətta Paşinyan Ermənistanın mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən artıq qəbul edilmədiyini də etiraf etdi. Səbəb isə, İrəvanın uzun illər Bakının mövqeyini nəzərə almaması idi.

Azərbaycan Prezidenti Rusiya ilə münasibətlərlə möhkəm iradə nümayiş etdirir, bununla belə, qarşılıqlı hörmət sədləri hər zaman qorunur. Ermənistanda isə baş nazirin timsalında Moskvaya münasibətdə get-gəllər, etimadsızlıq və ittihamlar bir-birini əvəz etməkdədir. Paşinyan gah Kremldən hərbi yardım tələb edir, gah da Qərbin timsalında Rusiyadan başqa İrəvana yardım etməyə hazır olan digər güclərin olduğunu önə çəkərək Moskvanı şantaj siyasəti yürüdür. Nəticə isə bəllidir. Hər dəfə İrəvan tərəfindən Kremlə qarşı bu cür gedişlər Azərbaycan ordusunun daha da irəliləməsi, öz suveren əraziləri üzərində nəzarəti bərpa etməsi, Ermənistanın həm hərbi-siyasi, həm də diplomatik müstəvidə ardıcıl məğlubiyyətlər alması ilə nəticələnir.  

Bu gün Moskva ilə Bakının 9 noyabr və 11 yanvar bəyanatlarında əksini tapan sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya əlaqələrinin açılması kimi məsələlərdə mövqeləri tam üst-üstə düşür. Lakin Paşinyan sərhədlər məsələsində olduğu kimi, kommunikasiyaların açılması məsələsində də ön şərtlər irəli sürməkdədir. Hansi ki, bu Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün iqtisadi əməkdaşlığı ön planda tutan Kremlin Cənubi Qafqaz strategiyası ilə tam ziddiyyət təşkil edir. Moskva NATO və Qərbin tam nəzarətində olan, 2008-ci il müharibəsindən sonra təsir imkanları minimuma enən Gürcüstandan yan keçməklə Azərbaycan vasitəsi ilə özünün forpostuna birbaşa maneəsiz çıxış əldə etməkdə çox maraqlıdır. Hazırda Qərblə ciddi problemlər yaşayan Türkiyə ilə də quru əlaqələrinin qurulması Kremlin maraqları çərçivəsindədir. Kommunikasiyaların açılmasının, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək yolların (Zəngəzur dəhlizi) təhlükəsizliyinin Rusiyanın sərhəd qüvvələri tərəfindən təmin olunacağı da yuxarıda qeyd olunan bəyanatlarda öz əksini tapıb. Hər fürsətdə Moskvanın təsirindən çıxmağa çalışan Paşinyan üçün bu təşəbbüsün rellaşması kabusa çevrilib. "Yollar üzərində nəzarət Ermənistanın suveren hüququdur və biz kiməsə bu yollara nəzarət etməyə imkan verməyəcəyik" bəyanatları bu məsələdə də Paşinyan hökumətinin Moskvanın qarşısına əngəllər çıxartdığını göstərir. Halbu ki, Berlin Economist-in hesablamalarına görə, kommunikasiyaların açılması və Azərbaycanla, Türkiyə ilə iqtisadi əlaqələrin bərpası Ermənistan iqtisadiyyatının 30 faiz böyüməsinə imkan verəcək.

Göründüyü kimi, müharibənin başa çatmasından 1 il keçməsinə baxmayaraq ağır məğlubiyyət alan Ermənistan dövləti və rəhbərliyi iki ölkə arasındakı problemlərin sülh yoluyla həlli üçün əsas moderator rolunu oynayan Rusiyanın bütün təşəbbüslərinə onun rəqiblərinin geosiyasi maraqlarını üstun tutaraq maneələr yaratmaqdadır. Lakin Azərbaycan dövlətinin və ali rəhbərliyinin uzaqgörən siyasəti İrəvanın bütün demarşlarını zərərsizləşdirir və məntiqi sonluğu daha da yaxınlaşdırır.