Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün fələstinli qaçqınlara pul ödəyir.
Hafta.az xəbər verir ki, bu haqda Livan hökumətinin təhlükəsizlik xidmətindəki mənbə "The Media Line" nəşrinə açıqlamasında bəhs edib.
Mənbədən bildirilib ki, Livanda yaşayan fələstinlilər Rusiya adından Ukraynada davam edən münaqişədə iştirak etməyə razılaşıblar. Bunun üçün Rusiya strukturlarından aylıq 350 ABŞ dolları maaş alırlar.
İşə qəbul edilənlərin əksəriyyəti 1969-cu ildən sonra anadan olub. Onların Livanda müvafiq qeydiyyatı yoxdur, bu da onların muzdlu kimi münaqişədə iştirakını asanlaşdırır.
Öz növbəsində, Livan hökumətinin bu fələstinli muzdluların hərəkətlərinə nəzarət etmək və ya izləmək imkanı yoxdur.
Ukraynada cəbhə xəttinə göndərilən fələstinlilərin əksəriyyəti Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi olan Ayn əl-Hilvedəndir.
Ələ alınanların “Fəth” siyasi hərəkatının və Fələstinin Azadlıq Xalq Cəbhəsinin üzvləri olduğu bildirilir. Muzdlular Rusiya qüvvələri adından Ukraynadakı müharibədə iştirak etmək müqabilində aylıq müavinət və ailələrinə təzminat alırlar.