Rusiya iqtisadiyyatı sürətlə zəifləyir

09:50 01.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin birinci rübündə Rusiyanın mövsümi təsirlərdən təmizlənmiş ümumi daxili məhsulu (ÜDM) 2022-ci ilin ortalarından bəri ilk dəfə 0,6 faiz azalıb. Rosstat-ın məlumatlarına görə, ən kəskin azalma mədənçıxarma sektorunda yaşanıb. Neft və təbii qaz hasilatının azalması bu rübün yekunlarına həlledici təsir göstərib. Qaz hasilatı 5,5 faiz azalıb və burada, xüsusilə Ukrayna vasitəsilə ixracın dayandırılması və ABŞ-ın maye qaz qurğularına tətbiq etdiyi sanksiyalar təsirli olub.

Hafta.az-ın yazdığına görə, ekspertlər deyib ki, bu hadisələr baş verməsəydi, iqtisadiyyat demək olar ki, enməzdi və illik artım 1,8 faizə çata bilərdi.

Təkcə enerji deyil, həm də daşınmaz əmlak, informasiya və rabitə, ticarət kimi istehlakçı yönümlü sektorlar da daralma yaşayır. O cümlədən, daşınmaz əmlakla bağlı əməliyyatlar 3,2 faiz, informasiya və rabitə 2,2 faiz, ticarət 1,2 faiz azalıb. Ümumi mənzərəyə nəzər saldıqda, 20 baza sektorundan 14-ü ilin birinci rübünü mənfi ərazidə bağlayıb. İqtisadçılar bu genişmiqyaslı yavaşlamanı Mərkəzi Bankın sərt pul siyasətinin və yüksək faiz dərəcələrinin təsiri ilə izah edirlər.

Ekspertlərin fikrincə, texniki tənəzzül üçün ardıcıl iki rüb mənfi artım tələb olunur. 2024-cü ilin birinci rübünün nəticəsi və yüksək son rübün birlikdə qiymətləndirildiyi zaman iqtisadiyyatın hələ də müsbət ərazidə olduğu vurğulanır. Bununla belə, xüsusilə qeyri-enerji sənayesi və istehlakçı tələbatının olduğu sektorlarda risklərin artdığı və həyəcan siqnallarının verildiyi də diqqətdən kənarda qalmır.

2025-ci ilin ikinci yarısında OPEC+ çərçivəsində neft hasilatı kvotalarının artırılması və daxili tələbatın bərpası ümidverici olsa da, iş dünyasının gözləntiləri zəifdir. İyunda biznes güvən indeksi kəskin eniş yaşayıb. Artan faiz dərəcələri investisiya iştahını azaltmaqla yanaşı, istehlakçı tələbatında da əhəmiyyətli yavaşlama müşahidə olunur. Mütəxəssislər artımın bütün il üçün 1,5 faiz civarında qala biləcəyini, Maliyyə Nazirliyinin 2,5 faiz proqnozu isə nikbin olaraq qalır. İkinci yarıda fiskal stimullar azalarsa, yeganə dəstək maddəsi də zəifləyə bilər.