Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı Boris Porfiryev bildirib ki, ölkə iqtisadiyyatının qarşısında duran dörd çətin maneə var.
Hafta.az-ın “Moskovskiy komsomolets” qəzetinə istinadən yazdığına görə, Porfiryev hesab edir ki, bu maneələrdən birincisi əhalidir. Porfiryev bildirir ki, hətta ən yaxşı ssenaridə belə Rusiya yalnız 27 il ərzində əhalisini saxlayacaq qədər çoxalda bilər.
Akademiya üzvü ikinci maneə kimi ölkənin texnoloji cəhətdən geri qalmasını və xaricdən asılılığını göstərib. Porfiryev Rusiyanın maşın və avadanlıq istehsalında çətinlik çəkdiyini, lakin sanksiyaların təsiri ilə 2022-ci ildən sonra bu istiqamətdə müəyyən irəliləyişlərin əldə edildiyini bildirib.
Porfiryevin fikrincə, iqtisadiyyat üçün üçüncü maneə elmi-texniki xarakter daşıyır. O bildirir ki, 10 il əvvəl 1,7 faiz olaraq hesablanan yerli elmin payı 2021-ci ildə 1,4 faizə düşüb.
İqtisadçı nəhayət, Rusiyanın geniş əraziyə yayılmış ölkə olmasının özü ilə müəyyən çətinliklər yaratdığını, xüsusən də regionlararası nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi probleminin həllini gözlədiyini bildirib.