“Rusiya-Ukrayna müharibəsi regionda və dünyada kifayət qdər ciddi problemlər yaradır. Rusiyanın aqressiyası dayandırılmasa, onunla normal anlaşma mümkün olmasa, bu dünya iqtisadiyyatında yeni böhran dalğalarının yaranmasına səbəb olacaq”.
Bunu hafta.az-a politoloq, iqtisadçı Natiq Cəfərli Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dünya iqtisadi balansına təsirlərini şərh edərkən bildirib.
Artıq dünəndən Rusiya - Ukrayna arasında geniş miqyaslı toqquşmaların başlandığını qeyd edən politoloq hesab edir ki, bu müharibə, nəinki iqtisadi, hətta geosiyasi faciələrə də yol aça bilər.
“İkinci dünya müharibəsindən sonra çox ciddi bir konfliktin yarandığını müşahidə edirik və bunun çox təhlükəli inkişafı mümkündür”.
N.Cəfərli bildirib ki, artıq Rusiyanın səhm bazarında ciddi çöküş müşahidə olunur. Rubl tarixi minimumları yeniləmək üzrədir.
“Artıq dolların qarşısında, 90 rublın 1dollar məzənnəsini gördük. Yəqin ki, davamlı şəkildə rublin düşəcəyini də görəcəyik. Bunun Rusiya üçün çox ciddi fəsadları olacaq. Amma dünya iqtisadiyyatı da bu fəsadlardan yan keçməyəcək. Əgər Rusiyanın aqressiyası dayandırılmasa sanksiyaların daha da kəskinləşməsi, ümumiyyətlə Qərblə əlaqələrin tamamilə kəsilməsi , sovet vaxtında olduğu kimi, dəmir pərdənin çökməsi baş verəcək ki, bu da dünya iqtisadiyyatında da ciddi təlatümlərə səbəb olacaq. Artıq biz bunu görürük. Son 8 ildə ilk dəfədir ki, neftin qiyməti 100 dolları keçdi, qazın hər min kub metrinin qiyməti 1400 dollara yaxınlaşdı. Bu dünyada infilyasiya, qiymət artımının sürətlənməsi deməkdir, dünyanın yeni iqtisadi böhranlara hamilə olması deməkdir”.