"Rusiya sülhməramlı kontingenti Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinə 10 noyabr üçtərəfli Bəyanatına əsasən 5 il müddətinə yerləşdirilib. Bəyanatla Azərbaycan tərəfi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, kontingentin istər yerləşmə, istər logistik təminatı, istərsə də rahat fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Lakin, təəssüf doğuran haldır ki, Azərbaycanın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə sədaqəti, Rusiya ilə aramızda müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması və Vladimir Putin tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışlar fonunda bəzən münasibətlərin ruhuna zidd olaraq şimal qonşumuzdan arzuolunmaz reaksiya və ğdavranışların şahidi oluruq".
Bunu hafta.az-a deputat Bəhruz Məhərrəmov Rusiya XİN-in son bəyanatı ilə bağlı bildirib.
B.Məhərrəmov qeyd edib ki, 10 noyabr Bəyanatının 4-cü maddəsində açıq mətnlə ifadə olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
"Bu günə qədər Ermənistanın özünün də etiraf etdiyi kimi, sülhməramlıların müvəqqəti nəzarət zonasında həm Ermənistan silahlı qüvvələrinin 10 mindən artıq heyəti, həm də separatçıların qanunsuz hərbi birləşmələri mövcuddur. Yəni 10 noyabr Bəyanatının şərtləri, konkret olaraq 4-cü maddəsi ilə müəyyən olunmuş öhdəliklər kobud surətdə pozulmaqdadır.
Baxmayaraq ki, 22 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 9-cu maddəsi ilə Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il tarixli Bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəyi barədə öhdəlik götürüb. Lakin Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməməklə nəinki kifayətlənmir, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da ifadə olunduğu kimi, “bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir”. Digər tərəfdən, bu dəstək yalnız sülhməramlı kontingentin komandanlığının bu vəziyyətə göz yummasında ehtiva olunmur, sülhməramlılar həmçinin separatçılara, onların qanunsuz hərbi-cinayətkar dəstələrinə, o cümlədən Ermənistanın fərari ordusunun Qarabağdakı qalıqlarına mühəndis-istehkam işlərində, daşımalarda açıq formada kömək edir, ekofəalların aksiyalarına qədər isə sülhməramlılar separatçılar üçün açıq formada silah-sursat daşımaları həyata keçirirdilər".
Deputat qeyd edib ki, Azərbaycan öz Konstitusiyasında ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan edib. O cümlədən Rusiya ilə münasibətlər bir çox aspektlərdə bizim üçün vacib əhəmiyyətə malikdir.
"Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu, o cümlədən cənab Vladimir Putinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi açıq dəstəyi yüksək qiymətləndirir. O cümlədən Rusiya tərəfi dəfələrlə Azərbaycan Liderinin mövqeyini alqışlayıb, Azərbaycanın qonşuluq-tərəfdaşlıq münasibətlərində güvənilir və etibarlı mövqeyinə görə şəxsən Rusiya Prezidenti dəfələrlə minnətdarlığını ifadə edib. Lakin Moskvadan səslənən bəzi bəyanatlar, o cümlədən sülhməramlı kontingentin regionda sülhə təhdid yaradan fəaliyyəti ümumi niyyətlərimizlə üst üstə düşmür. Hesab edirik ki, indiki həssas geosiyasi məqamda hazırkı ritorika və qeyri-adekvat davranışlar yetərincə səmərəli inkişaf edən əlaqələrimiz üçün əngələ çevrilməkdədir və buna imkan vermək olmaz"