Rusiyanın apardığı müharibənin Qara dənizdə yaratdığı təhlükə

08:00 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın apardığı müharibənin Qara dənizdə yaratdığı təhlükə həm Avropa İttifaqının xarici sərhədində, həm də NATO-nun cənub-şərq cinahında özünü açıq şəkildə göstərir. Avropanın fəaliyyət qabiliyyətini qoruyub-qoruyamayacağı məhz burada da müəyyən olunur.

Hafta.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Bolqarıstan və Rumıniyaya səfərindən əvvəl açıqlamasında bildirib.

Rumıniyanın Rusiya aqressiyasını xüsusilə son vaxtlar dronların hava məkanını pozulması ilə birbaşa hiss etdiyini vurğulayan nazir diqqətə çatdırıb:

“NATO üzvü olan dövlətin suverenliyinə qarşı bu cür hücumlar qəbuledilməzdir. Almaniya Rumıniyanın yanındadır, cənub-şərqi Avropa səmasında rumın qırıcıları ilə birgə patrul uçuşları həyata keçirən “Eurofighter” təyyarələrimiz bunun bariz nümunəsidir. Biz Avropanı Rumıniya ilə birgə qorumağa və müdafiə etməyə sadiqik”.

Səfər çərçivəsində nazir hər iki ölkənin paytaxtlarında həmkarları ilə görüşlər keçirəcək.