Məlum olduğu kimi, fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. Dünyanın aparıcı ölkələri isə Putinin bu bəyanatının beynəlxalq hüquqa zidd olduğunu açıqlayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan ediblər.
Bəs, görəsən, Rusiya və Ukrayna arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyaya sanksiya tətbiq olunarsa, Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
Məsələni hafta.az-a şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, Rusiya beynəlxalq hüquqa hörmətsizlik etdiyindən rəsmi Moskvaya qarşı sanksiyalar daha da güclənəcək:
“Böyük ehtimalla, Rusiya SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılacaq. Rusiyanın müxtəlif banklarına, müxtəlif şəxslərə qarşı sanksiyalar olacaq. Bu məsələnin Azərbaycana, təbii ki, təsirləri olacaq. Azərbaycanın əsas ticarət partnyorlarından biri Rusiyadır. Şirkətlər arasında vəziyyət leqaldan qeyri-leqal vəziyyətə keçəcək. Ola bilər ki, qarşılıqlı ödənişlər manat və rublla baş versin. Bu isə çıxış yolu deyil. Hesab edirəm, bir qisim bundan yararlana bilər. Ümumilikdə, Rusiyanın vəziyyəti daha da ağırlaşacaq, bazarlardan məhrum olacaqlar”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə mövzu ilə bağlı hafta.az-a bildirib ki, Rusiyaya bütün sahələr üzrə sanksiyalar tətbiq olunacağı inandırıcı deyil: “Bu sanksiyaların Azərbaycan iqtisadiyyatına da təsirləri ola bilər.
O baxımdan ki, Rusiyanın ixrac etdiyi texnoloji məhsullara sanksiya qoyula bilər. Tutaq ki, bu sanksiya əvvəl İrana qoyulmuşdu. İrana əvvəlcə onların enerji sektorunun maliyyələşdirilməsinə, ondan sonra enerji sektoruna texnoloji avadanlığın satılmasına, daha sonra İranın neft-kimya məhsullarının ixracına və maşınqayırma sənayesinə embarqo qoyulmuşdu. Məsələn, biz bəzi maşınqayırma avadanlıqlarını Rusiyadan alırıq. Bu baxımdan elə bir şey olarsa, biz həmin vasitələri leqal ala bilmərik, sanksiyaya məruz qalarıq”.