Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar və uçuş qadağaları rusları hər sahədə olduğu kimi ticarətdə də Türkiyəyə üz tutmağa məcbur edir.
Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, Türkiyədən kommersiya daşınmaz əmlakı və mənzil almaqda son illər rekord qıran ruslar şirkət yaratmaqda da çox sürətlidirlər. 2021-ci ildə Türkiyədə cəmi 177 səhmdar və məhdud məsuliyyətli şirkət quran ruslar, 2022-ci ildə 1384 şirkət yaradaraq mənzil alımında olduğu kimi bum yaşadılar. Ötən il isə qurulan şirkət sayı 2 dəfədən çox artaraq 2750 olub.
Bu rəqəmlə Türkiyə rusların xaricdə ən çox şirkət açdığı 6-cı ölkə olub.
Türkiyədəki rus şirkətlərinin ümumi sayı 23700-ə çataraq tarixin ən yüksək rekordunu qıırb.
Qeyd edək ki, 2023-cü ildə Rusiya vətəndaşlarının ən çox şirkət açdığı ölkə Gürcüstandır. Ruslar bu ölkədə 13 min yeni şirkət açıblar. Gürcüstanda yaradılan fərdi sahibkarlar 1 faiz gəlir vergisi ödəyirlər. Məhdud şirkətlər 100 min lari, yəni 3,32 milyon rubl dövriyyəyə qədər vergi qeydiyyatından azad edilir. Rusların 2023-cü ildə ən çox şirkət açdığı ikinci ölkə 6100 şirkətlə Qazaxıstandır.
Ruslar Ermənistan və Monteneqronun hər birində 3400 şirkət açdıqları halda, Serbiyada 3000-ə yaxın yeni şirkətlər qurublar. Serbiyadan sonra Türkiyə 2750 şirkətlə altıncı yerdədir. Türkiyədən sonra 1000 şirkətlə Birləşmiş Ərəb Əmirlikləri və 745 şirkətlə Özbəkistan rusların ən çox müraciət etdiyi ölkələr sırasındadır.