Havaların soyuq və yağmurlu keçdiyi bu günlərdə məktəblərdə istilik sistemi ilə bağlı problemlər özünü daha qabarıq biruzə verir. Ölkəmizdə hər il noyabrın 15-dən aprelin 15-ə qədər qış mövsümü, aprelin 16-dan noyabrın 14-nə qədər isə yay mövsümü sayılır. Bu gün, təqvimlərin 16 noyabrı göstərdiyi soyuq payız günü olmasına baxmayaraq hələ də istilik verilməyən təhsil ocaqları qalmaqdadır.
Bəs görəsən, məktəblərdə istilik sistemlərinin durumu ilə bağlı son vəziyyət nə yerdədir? İstiliyin olmaması faktoru davamiyyətə nə cür təsir edir?
Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, mövcud vəziyyətdə tədrisin təşkili ilə bağlı ciddi problemlər mövcuddur:
“Artıq sözün həqiqi mənasında ölkədə qış fəsli hiss edilir. Havanın temperaturu 5-6 dərəcəyə, dağlıq rayonlarda isə mənfiyə belə düşüb. Etiraf edək ki, mövcud vəziyyətdə tədrisin təşkili ilə bağlı ciddi problemlər mövcuddur. Bu tək, şagird və tələbələrin dərsə davamiyyəti ilə bağlı deyil. Eyni zamanda təhsil verən müəllimlərin də dərsdə iştirakı ilə bağlı çətinliklər ortaya çıxıb. Çünki hazırda ölkə üzrə məktəblərdəki istiliklə bağlı bizə çoxlu sayda şikayətlər daxil olur. Nəzərinizə çatdırım ki, qaydalara görə noyabrın 15-dən etibarən məktəblərdə qış rejiminə keçirilir və istilik verilir. Bu çox ciddi bir yanlışdır. Ona görə ki, çöldə havanın temperaturu +6-8 dərəcə olduqda otaqlarda istilik sistemi quraşdırılmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən sinif otaqlarında hərarət 18-22 dərəcə təşkil edilməlidir”.
Ekspertin sözlərinə görə, bu gün bəzi məltəblərdə şagirdlərin 70%-ə qədəri dərsə gəlməyib:
“Bu gün səhər saatlarında Bakının 4 rayonunda apardığımız monitorinqlər onu göstərdi ki, bir gün əvvəl ilə müqayisədə şagirdlərin dərsə davamiyyətində böyük fərqlər var. Hətta bəzi məktəblərdə şagirdlərin 70%-ə qədəri dərsə gəlməyib. Xüsusilə də ibtidai siniflərdə bu problem daha ciddidir. Digər tərəfdən, ictimai nəqliyyatda da bu gün sıxlıq müşahidə edilib. Bilirsiniz ki, havanın temperaturu dəyişdiyinə görə sürət həddi aşağı endirilib”.
K.Əsədov bəzi məktəblərin niyə hələ də istiliklə təmin edilmədiyinin səbəblərini də vurğuladı:
“Bir çox məktəblərin Azərenerji-yə borcu olduğundan məktəblər hələ də istiliyi qoşmayıblar. Belə problemlər isə daha çox paytaxtın mərkəzində yerləşən təhsil ocaqlarında müşahidə olunur. Məktəblərə istiliyin verilməməsi davamiyyətə birbaşa təsir edir”.