Sahibə Qafarova deputatları Sankt-Peterburqa səfəri barədə məlumatlandırıb

13:35 22.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il 22 aprel tarixli plenar iclasında çıxış edib.

Hafta.az xəbər verir ki, spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin aprelin 17-də və 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfəri, məqsədləri barədə məlumat verib.

“Məqsəd Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasda və digər tədbirlərdə iştirak etmək olub.

MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 58-ci plenar iclasında ötən dövr ərzində Assambleya çərçivəsində yerinə yetirilmiş işlər, görülmüş tədbirlər və təşkilati məsələlər nəzərdən keçirildi.

Assambleyanın 58-ci plenar iclasında və yaz sessiyasının komissiya iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar da iştirak və çıxış etdilər”.

S.Qafarova 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyi münasibəti ilə MDB Parlamentlərarası Assambleyasının təntənəli iclasının  keçirildiyini qeyd edib. O, bildirib ki, həmin iclasda etdiyi çıxışda tarixi Qələbəyə Azərbaycan xalqının verdiyi böyük töhfələrdən  danışıb.

“Digər faktlarla yanaşı, onu da yada saldım ki, xalqımızın cəbhəyə göndərdiyi 600 mindən artıq insanın yarısından çoxu döyüşlərdə həlak olmuş, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qələbədə Azərbaycan neftinin böyük rolunu xüsusi vurğuladım, arxa cəbhədə həyata keçirilmiş işlərin əhəmiyyətini nəzərə çatdırdım.

Ümummilli Lider Heydər Əliyevin “Veteranlar xalqımızın qızıl fondudur” fikrini də xatırlatdım.

Qeyd etdim ki, ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 

Bildirdim ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə sayəsində Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, bu torpaqlarda həyatın yenidən canlandırılması xalqımızın həm keçmiş, həm də indiki nəsillərinin ədalətin zəfərinə olan sarsılmaz inamını və onu bərqərar etmək əzmini təcəssüm etdirir.

Parlament nümayəndə heyətimiz Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etdi. Biz Piskaryov memorial məzarlığını ziyarət etdik. Müharibə qurbanlarının, o cümlədən blokada zamanı Leninqradın müdafiəsində iştirak etmiş Azərbaycan xalqının nümayəndələrinin xatirəsini də ehtiramla yad etdik”.