Sahibkarlığa bazar iqtisadiyyatının ilkin şəraiti kimi baxmaq lazımdır - ekspert

13:46 19.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sahibkarlığa bazar iqtisadiyyatının ilkin şəraiti kimi baxmaq lazımdır.

Bu fikirləri hafta.az-a İqtisad Universitetinin professoru Əli Əlirzayev bildirib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində onun tədqiqi və təşkili, planlı təsərrüfatdan fərqli olaraq, bazar iqtisadiyyatı qanunlarına uyğun həll olunur.

Bazar iqtisadiyyatı və sahibkarlıq arasında üzvü əlaqə və qarşılıqlı münasibət, məhz sahibkarlığın təşkili formalarını meydana gətirir. Sahibkarlığa bazar iqtisadiyyatının ilkin şəraiti kimi baxmaq lazımdır.

Bu şəraitin yaradılması formalaşmış iqtisadi sistemin xarakterindən, məzmunundan, iqtisadi sistemin məqsəd və perspektiv inkişafından asılı olaraq reallaşdırılır. Sahibkarlaq və mülkiyyət münasibətləri arasında əlaqə, bir-birini tamamlama onun inkişafının və bazar münasibətlərinin yaranmasının ilkin şərtidir.

Bununla əlaqədar olaraq sahibkarlığın forma, məzmun və təşkili xarakterinin, inkişaf qanunauyğunluqlarınn aşkar edilməsi iqtisadi inkişaf konsepsiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadi inkişafın əsas göstəricilərinin dinamik artımı sahibkarlığın inkişafı ilə əlaqədə təhlil olunduqa onun iqtisadi və sosial səmərəsi meydana çıxır. Bu yanaşma sahibkarlığın təşkilati struktur kimi mahiyyətini təhlil etməyə sövq edir. Ona görə də sahibkarlığa iqtisadi artım baxımından rəqabət qabiliyyətli təsərrüfatçılıq və əhalinin işlə təmin olunması məqsədilə təşkil olunan fəaliyyət kimi yanaşma vacidbir.

Bazar iqtisadiyyatının təşkili maddi nemətlərin bolluğu və ölkənin iqtisadi təhlükəsizlik konsepsiyası baxımından sahibkarlığın tənzimlənməsini də zəruri edir. İqtisadi ədəbiyyatlarda sahibkarlığın mahiyyətinə, onun təşkili formalarına, tənzimləmə istiqəmətlərinə baxmaq, ilk növbədə, sahibkarlığın mahiyyətinə yanaşma ilə səciyyələnir. Yəni, sistemin necə formalaşdığı sahibkarlığın mahiyyətinə necə yanaşılmasından asılıdır”.