Şahin Mustafayev İranda danışıqlar aparıb

17:14 21.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Baş nazirin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin Yol və Şəhərsalma naziri Rüstəm Qasımi və Neft naziri Cavad Oci ilə Tehranda görüşlər keçirib.

Hafta.az-ın yazdığına görə, görüşlərdən sonra mətbuat konfransı keçirilib. İki ölkə arasında ticarət həcmini artırmağı hədəflədiklərini söyləyən Ş.Mustafayev bildirib ki, enerji, avtomobil və dəmir yolu, təhsil sahələrində birlikdə işləyə bilərlər. Mustafayev qeyd edib ki, hazırda Azərbaycan İrana elektrik enerjisi ixrac edir və koronavirus pandemiyasının çətinliklərinə rəğmən, ticarət həcmini 22 faiz artıra biliblər. 

İki ölkə sərhədində yeni körpülər tikiləcəyini, Azərbaycanla Rusiyadan keçən Şimal-Cənub Dəhlizinin reallaşdırılması üçün addımlar atacaqlarını deyən Ş.Mustafayevə görə, hazırda Azərbaycanda 1225 iranlı, İranda isə 95 azəbaycanlı təhsil almaqdadır.

Ş.Mustafayev rəhbərlik etdiyi heyətin İranda bir sıra məhsuldar görüşlər keçirdiyini də jurnalistlərin nəzərinə çatdırıb. 

İranın Yol və Şəhərsalma naziri R.Qasımi isə deyib ki, Naxçıvanla Məşhəd arasında dəmir yolu xətti açmaq üçün fikir mübadiləsi aparılıb və Azərbaycanda avtomobil istehsalı üçün yaxşı potensial olduğunu diqqətə çatdırıb. Növbəti belə görüşün Bakıda keçiriləcəyini nəzərə çatdıran cənab Qasimi əlavə edib ki, İran şirkətləri Azərbaycanda bəzi layihələri həyata keçirə bilərlər. Qasımi, tranzit yüklərin daşınması  məsələsində də fikir mübadiləsi apardıqlarını vurğulayıb.

Baş nazirin müavini səfər çərçivəsində İranın Neft naziri Oci ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında neft və təbii qaz sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.