“Görürük, kiməsə sərf edir, Gürcüstan və ya Ukraynanı ortada sıxılmış vəziyyətdə saxlasın, nə orada, nə burada, bu isə təhlükəsizlik risklərini azaltmaqdansa daha da artırır”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan parlamentin sədri Şalva Papuaşvili deyib.
O, NATO-ya üzvlük məsələsinin Gürcüstan Konstitusiyasında təsbit edildiyini bildirib.
“Gürcü xalqı bu cür bəyanatlara qarşı artıq sadəlövh deyil, nə ilə üzləşdiyimizi görür. 2008-ci ildə qapıların açıq olduğunu dedilər, o vaxtdan 17 il ötüb. Gürcüstan institusional, eləcə də hərbi yaxınlaşma baxımından, müharibələrə girmək və NATO əsgərləri ilə çiyin-çiyinə mübarizə baxımından hər şeyi edib. Cənab Ruttenin baş naziri olduğu ölkədən 10 dəfə çox Əfqanıstana kontingent göndərmişdik. Beləliklə, bizə doğru barmağın göstərilməsi və suallar verilməsi bitməlidir. Gürcü xalqı barmağın göstərilməsini qəbul edəcək qədər artıq sadəlövh deyil. Top tamamilə NATO-nun meydanındadır. Gürcüstan NATO-nun üzvü olmaq üçün hər şeyi edib, nəinki istək, həm də bu məsələ konstitusiyamızda təsbit olunub. Lakin, görürük ki, kiməsə sərf edir, Gürcüstan və ya Ukraynanı ortada sıxılmış vəziyyətdə saxlasın, nə orada, nə burada, bu isə təhlükəsizlik risklərini azaltmaqdan daha çox artırır”, - parlament sədri deyib.
O qeyd edib ki, 2022-ci ildə, müharibə başlayanda Prezident Vladimir Zelenski də NATO-ya qəbul edilib-edilməyəcəklərini soruşub. Bildirib ki, Ukraynanı NATO-ya qəbul etmirlərsə, desinlər və onlar da öz işlərini bilsinlər. “Lakin nə bəli dedilər, nə də xeyr. Gürcüstan hər şeyi edib, hərbi kontingentinin 70 faizi müxtəlif formalarda beynəlxalq missiyalarda, təlimlərdə və sair iştirak edib. Uyğunluq, eləcə də institusional baxımdan, bütün məsələlərdə biz NATO-nun 7-8 üzv ölkəsini geridə qoyuruq. Gürcü xalqı artıq sadəlövh deyil”, - Papuaşvili bildirib.