Saxta sənəd daşıyan “qazilər” – Müzakirə

15:05 08.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

II Qarabağ savaşından sonra sosial şəbəkələrdə əlilliyin təyinatı və I Qarabağ döyüşlərində saxta vəsiqə aldıqları iddia olunan şəxslərlə bağlı müzakirələr səngimir. Saxta vəsiqə aldıqları iddia olunan şəxslərin səs-küy yaratmaları bir çox hallarda əsl qazilərimizin də yersiz hədəfə alınmasına şərait yaradır. Təsdiqlənməyən faktlar əsasında neçə-neçə qazimizin bu cür ədalətsizliyə uğradığını müşahidə etməkdəyik. Beləcə, əsl döyüşçülərin kölgəsindən özlərinə dvident qazanmağa çalışan yalançılar uzun illər aldıqları müavinətləri əldən verməmək üçün hər yola əl atırlar.

Məsələn, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyindən hafta.az-a daxil olan məlumata görə, əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır. Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə, onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona verilmiş ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücum edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib (video linkdə)

Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.

Əlilliyin növbəti dəfə yoxlanılması prosesində vəsiqəsi ləğv olunan belə vətəndaşların qaldırdığı səs-küy sosial şəbəkələrdə bir çox hallarda Qarabağ qazilərinə qarşı antitəbliğat  vasitəsinə çevrilir. Məsələ internet saytlarında da yer alır. Təbii ki, saxtakarlığın özəyi  aidiyyəti orqanlarda çalışan işbazların əli ilə gerşəkləşir. Öz şəxsi təşəbbüsü ilə özünə əlillik düzəldən keçmiş döyüşçü, yaxud digər fərdlər bu mənada haqlı olaraq, “Əgər döşüşdə iştirak etməmişəmsə, niyə veteran vəsiqəsi veriblər?”, yaxud  “Qazi deyiləmsə, niyə əlillik vəsiqəsi verirdinz?” iddialarını ortaya atırlar.

Sosial şəbəkələrin daim gündəmdə saxladığı və gündəmin əsas mövzusu olan əlillik dərəcəsi, əlilliyin verilməsi, veteran vəsiqəsi və əlilliyin ləğv olunması ilə bağlı mübahisəli məqamlarla bağlı hafta.az-a açılqlama verən ictimai-siyasi kəsimin fərqli yanaşmaları maraqlı hallar üzə çıxarıb.

Təmizləmə prosesində həqiqi Qarabağ əlillərinin statusu qorunur

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qazilik adından sui-istifadəni qəbul olunmaz hal kimi dəyərləndirib.  Onun sözlərinə görə, vəziyyətin belə neqativ səviyyəyə gəlib çıxması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki məmurlarının və rüşvətxor işbazlarının işidir.

“Biz bu gün sosial təminat sistemində ədaləti qoruyuruq və ədaləti tətbiq etməyə qalxmışıq. Amma çox gecikmişik. Qazilik şərəfli bir işdir. Bəzi saxtakarların üzündən əsl qazilərin səsi çıxmır. Onlar elə bil abırlarından susublar. Onların hüquqları pozulur. İstəməzdim ki, biz əsl qazilərə şübhə ilə yanaşaq. O təmizliyi qorumalıyıq”.

S.Alızadə II Qarabağ savaşından sonra qazilərə münasibətdə belə neqativ hallara rast gəlinmədiyini bildirib. Onun sözlərinə görə, I Qarabağ savaşından sonra iştirakçılar vəsiqələri, əliliyi 1994-cü və ondan sorakı illərdə alıblar:

“Aralarında evlə, maşınla təmin olunanları da var. Onlar bunu özbaşına almayıblar. Saxta əlilliyi verənlər, vəsiqə verənlər ikiqat günahkardır. O insanlar o qədər bu yardıma öyrəniblər ki, artıq ardıcıl müavinətlər tələb edirlər. Bilirsiniz ki, o əlillərin 5 ildən bir yoxlanışı olur. Xəstəlik sağılıbsa və travma düzəlibsə, verilən arayış dəyişdirilir və yaxud da şəxsin əlilliyini ləğv edirlər”.

Əksər hallarda sağlam insanların da ikinci, birinci qrup əlillik dərəcəsi almaq üçün çalışdığını deyən S.Alızadə indi bu sistemdə təmizlənmə prosesinin başlandığını deyib. Onun sözlərinə görə, keçid dövründə sosial təminatla bağlı çox əskikliklər üzə çıxır. İnsanlar da artıq buna öyrəşib, öz təminatını həmin müavinətin üzərində qurub. Birdən-birə sistemin dəyişməsini qəbul edə bilmirlər.

S.Alızadə hesab edir ki, təmizləmə prosesində həqiqi Qarabağ əlillərinin statusu qorunur. O deyir ki, İctimai Şura üzvü kimi Tibbi Reablitasiya Mərkəzində əlillərin əyani baxışında iştirak edən zaman bunun şahidi olub. Bildirib ki, kimin ki əlilliyi ona həyat fəaliyyətini davam etdirməyə imkan vermir, onun əlilliyi saxlanılır. Kim əvvəl xəstəliklə əlillik alıbsa və son yoxlanışlarda o xəstəlik onda çıxmırsa, ona əlillik verilmir.

“Həmin insanlar bunu ədalətsiz yanaşma hesab edirdilər. Mən də bildirdim ki, bu şəraiti vaxtilə nazirlik özü yaradıb. Məhz nazirliyin yerlərdə olan şöbə işçiləri insanları saxta əlillik almağa təhrik ediblər. Nəticə də buna gətirib çıxartdı. Çox pis  porodiksal vəziyyət yaranıb. Əslində o şəxslərə ev, maşın verilməli deyildi. İnsan deyir ki, 20 ildir mən bundan istifadə edirəm. Əlbətə ki, qazilər nə qədər sağalıb müstəqil həyata adaptasiya olunacaq, bu bizim başucalığımız olacaq. Bərpa oluna bilməyən, orqanlarını, əmək fəaliyyətini itirənlərə əlillik verilməlidir. Acınacaqlı mıəqamdır ki, biz ayağı dizdən aşağı olmayana 3-cü qrup veririk. Bu, insanlarda qıcıq oyadır. Nazirlikdən Milli Məclisə qruplar arasında meyyarları dəyişdirəcək təkliflər paketi verilib. Ondan sonra qruplar arasında meyarları ölçmək asanlaşacaq. Əlillərin təminatında da özünü köklü surətdə göstərəcək.

 Proses belə davam edə bilməz. Həmin insanlar çox gözləyə bilməzlər. Onların hamısı aztəminatlı, təqaüdə möhtac insanlardır. Biz bunu çoxdan etməliydik. Bir ölkənin sosial təminat sistemi müharibə başlamazdan əvvəl ayaqüstə hazır olmalı idi, bütün resursları ilə birlikdə. Bizdə isə əksinədir. Bu proses bizdə indi başlayır. Ona  görə də gec reaksiya veririk. Əlilliyin təyini meyarları ilə bağlı təkliflər bu gün Milli Məclisə getdi, amma çoxdan hazır olmalı idi”.

Bu insanlar həqiqi əlilliyi olan insanlardan daha çox imtiyazlar tələb edirlər

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev saxta əlilliyin təyin olunması, saxta veteran vəsiqələrinin verilməsinin I Qarabağ savaşından sonra baş verdiyini qeyd edərək, bu gün belə halların olmasını  mümkünsüz hesab edib. Onun sözlərinə görə, bu gün nizami ordumuz, qayda-qanunla aparılan qeydiyyat, orduya qəbul olunan, müharibə dövründə səfərbərliyə çağırılan hər bir kəsin dəqiq uçotu var.

 M.Quliyev bildirir ki, I Qarabağ müharibəsi dövründə hələ ordu formalaşmamışdı, ölkədə dövlətçilik çox zəif idi və hərc-mərclik hökm sürürdü. Mülki vətəndaşlar gedib hər hansı batalyonlar formalaşdırırdılar. Xalq Cəbhəsi Hakimiyyəti dövründə hər vəzifəli adamın bir dəstəsi var idi. Könüllü insanlar dəstələrdə vuruşurdular.

“Bunların arasında həqiqi döyüşənlər də olub, döyüşməyib, sonrakı dövrlərdə saxta  sənədlər alanlar da.  Üçüncü  qrup adamlar isə ümumiyyətlə orduya aidiyyəti olmayan, heç bir əməliyyatlarda iştirak eləmiyən və tamamilə başqa səbəblərdən xəsrət alan, xəstələnib əlillik alan, amma xəstəlik səbəbini müharibə ilə əlaqələndirə bilmiş adamlardır. Belə insanlar azdır, hətta bir nəfərin olması belə cəmiyyət üçün qəbulolunan deyil. Həqiqətən də müharibədə döyüşən,  Vətən uğrunda sağlamlığını qurban verən insanlar üçün bu, qəbul olunan məsələ deyil. Eyni zamanda bu, onların xidmətini və haqlarını mənimsəməkdir”.

M.Quliyev hesab edir ki, ictimaiyyət nümayəndələri, QHT-lər, Vətən müharibəsi, Qarabağla bağlı yaranan cəmiyyətlər özləri bu məsələləri vaxtaşırı araşdırmalıdırlar.

“Bu insanlar həqiqi əlilliyi olan insanlardan daha çox imtiyazlar tələb edirlər. Daha çox səs-küy salır, diqqət tələb edirlər. Bununla da həqiqi Qarabağ qazilərinin haqlarına girmiş olurlar. Hazırda Əmək və Sosial Müdafiə Nazirliyində əlilliyin ekspertizasının tamamilə şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər görülür.  Sənədlər qaldırılır, araşdırılır, şəxslərin əlillik vəziyyəti öyrənilir. Bu prosesdə neqativlərin aşkara çıxarılması halları var.  Araşdırmışıq ki, bəzi insanların həmin dərəcəni almağa sağlamlıq vəziyyətinə görə haqları çatmır. Onlar həmin prosesdə iştirak etməyiblər, sənədlər qüsurludur, saxtadır”.

M.Quliyev bu prosesin çoxdan başlanıldığını deyib. Onun sözlərinə görə, II Qarabağ savaşından sonra elə bir bir qədər də aktuallaşşıb. Dövlətin  bu qrupdan olan insanlara diqqəti, cəmiyyətin qayğısı, YAŞAT fondunun yaranması və onların müəyyən məişət, təhsil, sağlamlıq problemlərinin həlli prosesi gedir. Bəzi insanlar da bu prosesdən istifadə edərək yenə də özlərinə layiq olmayan haqqı qazanmaq istəyirlər. Cəmiyyət bütövlükdə bu məsələdə diqqətli olmalı və ağı-qaradan ayırmalıdır.

M.Quliyev özlərinə saxta vəsiqə, əlillik alan şəxslərin “Əgər mən əlil deyiləmsə, dövlət niyə mənə əlillik verib, ev, maşın verib?” iddiasına birmənalı yanaşmayıb. Bildirib ki, istənilən halda həmin saxtakar o statusları almaq üçün müəyyən təşəbbüs göstərib. Yəni bütün hallarda o özü də qarşı tərəf kimi günahkardır. Deputat istənilən halda Azərbaycanın hüquqi dövlət olduğunu  xatırladaraq həmin şəxslərin haqlarını bərpa etmələri üçün məhkəmələrə müraciət etmək imkanlarının olduğunu deyib. Onun fikrincə, həmin şəxs həqiqətən də hesab edirsə ki, haqlıdır və ona əlillik dərəcəsi, veteran vəsiqəsi verilməlidirsə, buyurub məhkəməyə müraciət etsin.

“Yoxsa sosial şəbəkələrdə nəsə xəbər paylaşmaqla, kimisə hədələməklə, kimisə şantaj etməklə və yaxud özümü yandıracağam deməklə, piket keçirməklə problem həll olunmayacaq. Bəziləri var ki, doğrudan da döyüşüb, xəsarət alıb,  indi sağalıbsa, onun da əlilliyi ləğv edilə bilər. Döyüşməyə görə əlillik dərəcəsi verilmir, döyüşməyə görə veteran vəsiqəsi verilir. Heç kim toxunulmaz deyil. İstənilən halda hər kəs məhkəməyə müraciət edib haqqını müdafiə etməlidir”.

M.Quliyev əlillik dərəcəsinin verilməsi ilə bağlı mübahisələrə toxunub. Bildirib ki, döyüşlərdə iştirak edib yaralananların müalicə olunub sağalması gözlənilir. Bəzi qazi və veteranlarımızın ailə üzvləri bu proseduru gözləmədən əlillik dərəcəsinin verilməsini tələb edirlər. “Prinsipcə, onları başa düşmək olar. Sağalana qədər onların bir təminatları olmalıdır. Mən o vaxt da də təklif etmişdim ki, onlar sağalana qədər müəyyən müavinətlərin ödənilməsi, işləyirsə iş yerindən bülletenlərinin ödənilməsi, işləmirsə, YAŞAT Fondundan, Heydər Əliyev Fondundan müavinətlə təmin olunması yerinə yetirilməlidir”.

M.Quliyev çox müzakirə olunan məsələlərdən biri olan “müharibədə döyüşüb əlil olan insanlarla, mülki həyatda qəza nəticəsində əlil olan insanlara eyni əlillik dərəcəsinin eyni olması məsələsinə toxunub:

“Əlillik dərəcələri aldığın xəsarətin ağırlığına görə verilir, səbəblərinə görə yox. Fərq birinin mülki əlil, digərinin hərbi əlil olmasıdır. Hərbi əlilə güzəştlər verilir - pensiya təminatı, müavinət təminatı, avtomobil, mənzil təminatı, övladlarının təhsil haqlarının ödənilməsi, özlərinin, ailə üzvlərinin sağlamlığının bərpası ilə bağlı xərclər, eyni zamanda əlilliyin  sığorta almaq haqları və sair”.

Deputat ayağını itirmiş qazilərə əlillik dərəcəsinin verilməsində yaranan mübahisələrə də toxunub. Bildirib ki, əlillik dərəcəsinin meyarları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilir. 

“Əgər topuq oynağı və topuq oynağından diz oynağına qədər olan məsafədə baldırın itirilməsi baş verirsə,  3-cü qrup əlillik verilir. Ona protez verilir, həmin protezlə də fəaliyyətini, işini davam etdirir və s.  Buda qədər həm daban, həm topuq oynağı – hər ikisi itirilibsə, onda ikinci qrup verilir. Əgər amputasiya bud çanaq oynağındadırsa, ona birinci qrup verilir. Ona protez düzəltmək çətin olur, həm də əmək fəaliyyəti də kifayət qədər məhdud olur.  Bu tibbi meyarlar bu gün qəbiul olunmayıb, bizim həkimlər kəşf etməyib. Burada qiymətləndirilməsi vacib olan faktorlar da var. Əgər amputasiya mina partlayışı və yaxud hansısa kontuziya ilə müşayiət olunan xəstəlik alıbsa, 1-2 il kontuziya sağalana qədər ona ağır əlillik dərəcəsi təyin etmək olar. Bunu da ekspert dəyərləndirilməsi ilə qiymətləndirmək mümkündür. Bunu müşahidələrlə, mənim deməyimlə həll etmək olmaz. Araşdırma aparılmalıdır. İnşAllah, gələn ildən hər şey qaydasına düşəcək”.

 

Oxunma sayı 1537