Son dövrlər Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan canlanma, xüsusilə Prezident Donald Tramp administrasiyasının yenidən hakimiyyətə qayıdışından sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirələri aktuallaşdırıb. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri və Azərbaycan-Ermənistan sülh prosesi fonunda Vaşinqtonun Cənubi Qafqaza marağının artdığı müşahidə olunur. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ABŞ-ın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubu da iki ölkə arasında siyasi dialoqun davamlılığının göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Hafta.az-a şərh verib.
Politoloqun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri hazırda çoxqatlı və praqmatik məzmun daşıyan əməkdaşlıq mərhələsindədir:
“Bu gün Azərbaycan-ABŞ münasibətlərini yalnız klassik diplomatik əlaqələr və ya enerji əməkdaşlığı çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Münasibətlər son illərdə, xüsusilə Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra təhlükəsizlik, regional sabitlik, iqtisadi əməkdaşlıq və geosiyasi koordinasiya elementlərini də özündə birləşdirən daha geniş format alıb. Ənənəvi olaraq enerji sahəsində güclü tərəfdaşlıqla seçilən münasibətlər artıq daha böyük geosiyasi gündəliyi əhatə edir. Xüsusilə Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda Azərbaycan ABŞ üçün yalnız enerji tərəfdaşı deyil, həm də regional sabitliyin təmin olunmasında mühüm aktor kimi çıxış edir.”
Politoloq bildirib ki, strateji tərəfdaşlıq anlayışı da məhz bu məqamda xüsusi əhəmiyyət kəsb edir:
“Strateji tərəfdaşlıq o deməkdir ki, əməkdaşlıq yalnız iqtisadi layihələrdən ibarət deyil. Bu münasibətlər regional təhlükəsizlik arxitekturasında koordinasiya elementlərini də əhatə edir. Tərəflər arasında formalaşan dialoq mexanizmləri dəyişən beynəlxalq mühitə uyğun şəkildə münasibətlərin çevik inkişafına imkan yaradır.
Bu gün enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi, qlobal nəqliyyat marşrutlarının şaxələndirilməsi kimi məsələlər Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini daha da artırır. Vaşinqton Azərbaycanı Avrasiya məkanında mühüm tərəfdaş kimi qiymətləndirir.”
R.Bayramovun fikrincə, regionda dəyişən geosiyasi vəziyyət də ikitərəfli münasibətlərin inkişafını şərtləndirən əsas amillərdəndir:
“Rusiya–Ukrayna müharibəsindən sonra qlobal geosiyasi mənzərə ciddi şəkildə dəyişib. Enerji marşrutları, logistika xətləri və regional tərəfdaşlıqlar yenidən nəzərdən keçirilir. Belə bir şəraitdə Cənubi Qafqazın əhəmiyyəti artıb. Vaşinqton üçün region artıq yalnız lokal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu məkan deyil. Cənubi Qafqaz Avrasiya nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi ABŞ üçün əlavə əhəmiyyət qazanır və bu da siyasi dialoqun intensivləşməsinə səbəb olur.”
Politoloq Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı 4 iyul təbrik məktubunun da siyasi əhəmiyyət daşıdığını bildirib:
“Liderlər arasında təbrik məktubları və mesajlaşmalar diplomatik münasibətlərin mühüm komponentlərindən biridir. Prezident İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubu da ilk növbədə qarşılıqlı hörmətin və siyasi dialoqun davamlılığının ifadəsi kimi qiymətləndirilməlidir.
Belə mesajlar ikitərəfli münasibətlərin ümumi atmosferini formalaşdırır, tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduqlarını nümayiş etdirir. Diplomatik praktikada bu cür məktublaşmalar siyasi kommunikasiya kanallarının açıq saxlanılması baxımından xüsusi rol oynayır.”
Ekspert ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə marağının da təsadüfi olmadığını vurğulayıb:
“Vaşinqton anlayır ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması həm enerji layihələrinin, həm də beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsiz fəaliyyəti baxımından vacibdir. Buna görə ABŞ sülh prosesində təşviqedici və dəstəkləyici rol oynamağa çalışır.
Ancaq istənilən halda sülh prosesinin taleyi ilk növbədə Azərbaycan və Ermənistanın siyasi iradəsindən asılıdır. Xarici aktorlar yalnız bu prosesi dəstəkləyə və təşviq edə bilərlər.”
Rəşad Bayramov hesab edir ki, ABŞ-ın regiondakı fəallığı yeni geosiyasi balansın formalaşmasına da təsir göstərir:
“Bu gün regionda mürəkkəb və çoxvektorlu geosiyasi proseslər gedir. Burada müxtəlif güc mərkəzlərinin maraqları kəsişir. Belə bir şəraitdə Azərbaycan balanslaşdırılmış xarici siyasət kursu yürüdərək həm milli maraqlarını qorumağa, həm də müxtəlif tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə çalışır.
Məhz bu praqmatik yanaşma Azərbaycanın beynəlxalq mövqelərini gücləndirir və ölkəyə dəyişən geosiyasi şəraitdə daha geniş manevr imkanları yaradır. ABŞ-la münasibətlərin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biridir.”