Şəhidlər Xiyabanı azadlığımızın simvolu kimi qürur ünvanımızdır  - Çingiz Qənizadə

12:10 20.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı il 20 Yanvar faciəsi müstəqilliyimizin bərpasının başlanğıcı, istiqlaliyyət yolunun zirvəsidir.

Bu fikirləri hafta.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib:

“Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan əliyalın insanlara qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşüb. O gün dinc əhaliyə – müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən insanlara qarşı həyata keçirilən cəza tədbirləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terrora əl atan sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusu Azərbaycanın ovaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı, eləcə də Mixail Qorbaçovun razılığı ilə şəhərə girmişdi. Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu dəhşətli hadisəni müxtəlif yalan və riyakarlıqla xalqdan gizlətməyə çalışırdı. Lakin hadisə baş verən günün ertəsi o vaxtlar Moskvada ciddi nəzarət altında olan Heydər Əliyev haqq səsini qaldırdı və bu faciə barəsində bütün dünyaya məlumat verdi. Bəli, qətliamı həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı o vaxt Moskvada yaşayan, təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi. Ulu Öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qırğını kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. 20 Yanvar hadisələri, eyni zamanda, beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu qəhrəmanlıq səhifəsi yetişən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadı. Vətən müharibəsində Ermənistan üzərində qazandığımız tarixi qələbə bütün şəhidlərimizin qisasını aldı. Şəhidlərin qanı yerdə qalmadı. Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşadı. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur ünvanı olacaq”.

Oxunma sayı 33