Mayın sonlarından ölkənin kənd təsərrüfatı sektorunda biçin mövsümü başlayıb. Fermerlər il ərzində çəkdiyi zəhmətin bəhrəsini görmək üçün hərəkətə keçiblər. Kənd Təsərrüfatı Nazirliyi də biçin mövsümü ilə əlaqədar iri fermer təsərrüfatları ilə sıx əlaqədə işləyir. Çatışmazlıqları aradan qaldırmaq üçün var qüvvəsi ilə çalışır. Bunu nazirliyin yaydığı məlumatlarda, eləcə də fermerlərin mediaya açıqlamalarında tez-tez görürük.
Bütün bunlarla yanaşı, məhsulunu torpaq sahəsindən götürə bilməyənlər də var. Şəmkirin Ağlavaşlı kəndində yaşayan Mətləb Mustafayev deyir ki, hektar yarımlıq ərazidə taxıl əkib. Lakin bu vaxta qədər məhsulu sahədən götürə bilmir. O, hafta.az-a müraciətində bunun səbəblərini dilə gətirir: “Elə yerlər var ki, biçilib. Bəzi yerlər isə qalıb. Texnika çatışmır. Çünki indi mövsümdür. Hamı yerini biçdirmək istəyir. Müasir texnikalar azdır. İri fermer təsərrüfat sahələrinə üz tuturlar. Kiçik təsərrüfatlar isə gözləməyə məcbur olur. Məhsul isə gözləmir.

Əkdiyimiz taxıl, buğda yerə gedir. Bir il ərzində çəkdiyimiz əmək zay olur. Sağ olsun, dövlət taxıl əkənlərə subsidiya verir. İndi də istəyimiz odur ki, texnika ilə təmin etsin, məhsulumuzu götürək. Başa düşürük ki, Şəmkir kənd təsərrüfatı rayonudur. Taxıl və buğda sahələri çoxdur. Aqrolizinqin hər kəsi vaxtında texnika ilə təmin etməyə gücü çatmaya bilər. Amma biz də kasıb insanlarıq, gözümüzü buna dikmişik”.
Fermerin sözlərinə görə, bir neçə dəfə sovet dövründən qalmış köhnə kombaynlarla buğda sahəsini biçdirmək istəyib, lakin alınmayıb: “Onların istismar müddəti başa çatıb. Yerin içinə girən kimi qırılırlar. Bir-iki ağız biçən kimi dayanırlar. Çünki lap “əldən düşmüş” kombaynlardır. Bir-iki dəfə cəhd etdik, biçə bilmədi. Sünbülü dibdən götürə bilmir. Əzir, qırır... Məhsul da zay olur. Bir-iki ağız biçib yerə tökür, biz də onu əllərimizlə çuvallara yığıb müxtəlif vasitələrə evə aparırıq. Bu il iki bunker məhsul gözləyirdik. Yaxşı taxılımız vardı. Amma zay oldu. Hələ də gec deyil. Nazirlikdən, aqrolizinqdən xahiş edirik ki, bizi texnika ilə təmin etsin. Tə mənim sahəm deyil. Çox yerlər biçilsə də, texnika çatışmazlığı səbəbindən biçilməyən yerlər də hələ qalıb”.
Mətləb Mustafayev onu da əlavə edir ki, bəzən günlərlə texnika dalınca yaxınlıqdakı kəndlərə gedirlər. Bütün bunlara baxmayaraq bir nəticə hasil olmur: “Bəzən həmin kombaynlar yerin azlığına görə gəlmirlər. İri təsərrüfat sahələrində işləməyi üstün tuturlar. Tələskənliyimizin səbəbi var. Artıq sünbüllər quruyub. Bir balaca külək əssə, yağış yağsa, məhsul yerə gedəcək. Zay olacaq”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən hafta.az-a bildirdilər ki, texnika çatışmazlığı ilə bağlı problem yoxdur. Sadəcə növbəlilik prinsipi var. Bütün arpa və buğda sahələrinin biçin prosesi nəzarətdədir.
Eyni zamanda, nazirlik nümayəndələri Şəmkirin Ağlavaşlı kəndindəki fermerlərin problemi ilə bağlı araşdırmalara başlayıb, ən yaxın zamanda məsələnin həll ediləcəyini bildirdilər.
Ümid edirik ki, fermerlərimizin üzləşdiyi problem tezliklə aradan qaldırılacaq.


