Sentyabrın sonunda “Lada e-Largus”un kütləvi istehsalına başlanılacaq

09:10 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

AvtoVAZ sentyabrın sonunadək İjevskdəki fabrikində “Lada e-Largus” elektromobilinin kütləvi istehsalına başlayacağını açıqlayıb.

Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, bu haqda şirkətin xarici əlaqələr və səhmdarlarla qarşılıqlı əlaqə üzrə vitse-prezidenti Sergey Qromak deyib.

Qiymətləri və konfiqurasiyaları hələ açıqlanmayan “Lada e-Largus”un ilk pilot seriyasına ötən ilin dekabrında start verilib. Şirkət “e-Largus” ailəsinin sərnişin və kommersiya versiyalarına sahib olacağını və fərqli batareya tutumları və yük daşıma qabiliyyəti ilə bazara təqdim ediləcəyini açıqlayıb.

Elektrikli model daimi maqnitli sinxron elektrik mühərriki ilə təchiz ediləcək. Bu mühərrik 50 kVt nominal güc təmin etsə də, qısa müddətdə 120 kVt-a çata bilir. Maksimum sürəti 145 km/saat olan “e-Largus” 0-dan 100 km/saat sürəti 10 saniyədən az müddətdə yığa bilir.

Elektrik stansiyasının inkişafı SAE (Itelma Şirkətlər Qrupunun bir hissəsi) və AvtoVAZ mühəndisləri tərəfindən birgə həyata keçirilib. SAE tərəfindən hazırlanmış batareyalar Rusiyada dizayn və istehsal olunur. Bundan əlavə, nəzarət və temperatur idarəetmə sistemi tamamilə yerli istehsaldır. Şirkət gələcəkdə akkumulyator hüceyrələrinin də lokallaşdırılacağını açıqlayıb.

“Lada e-Largus” elektrik avtomobillərinin Rusiya avtomobil sənayesində yayılması istiqamətində mühüm addım hesab olunur.