Sergey Şoyqu Putinə hesabat VERDİ

20:25 28.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə qismən səfərbərliyin başa çatması barədə hesabat verib. TASS-ın məlumatına görə, Şoyqu hərbi xidmətə çağırılan vətəndaşların göndərilməsinin başa çatdığını, hərbi komissarlıqların isə yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul etməklə işə qəbulunu davam etdirəcəyini bildirib.

Şoyqunun sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib, başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb. O, həmçinin vurğulayıb ki, səfərbər olunanların döyüş zonasına göndərilməzdən əvvəl hazırlığına xüsusi diqqət yetirilir.

Müdafiə naziri Rusiyada qismən səfərbərliyin ilkin mərhələsində hərbi xidmətə çağırılan vətəndaşların təchizatı və müavinətləri ilə bağlı yaranan problemlərin də aradan qaldırıldığını qeyd edib.

“İlkin mərhələdə təchizatda, müxtəlif növ müavinətlərdə problemlər var idi, bu gün bu problemlər öz həllini tapıb. Qoşunlara gələnlərin hamısı müqavilə əsasında xidmət edən hərbi qulluqçuların normalarına uyğun olaraq tələb olunan növ müavinət, geyim forması, ləvazimat, yeməklə təmin olunurlar”.

Şoyqu bildirib ki, səfərbərlik çərçivəsində 27 mindən çox sahibkar və müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1300-dən çox nümayəndəsi çağırılıb. Səfərbərlik çərçivəsində 13 min nəfər könüllü olaraq qoşunlara gedib.

Şoyqunun sözlərinə görə, təlimdən sonra 82 min səfərbər edilmiş şəxs döyüş zonasına göndərilib. Təlim poliqonlarında 218 min səfərbər edilmiş şəxs öz hazırlığını təkmilləşdirir. Qismən səfərbərlik çərçivəsində çağırılanların orta yaşı 35-dir.