Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, ölkəsində çinli mühəndislərə qarşı edilən terror hadisəsinin məsuliyyəti Əfqanıstanın üzərinə düşür. Çünki terrorçuların mənbəyi bu ölkədədir.
Hafta.az-ın “Dunyanews.tv”yə istinadən yazdığına görə, mediaya açıqlama verən Xavaca Asif deyib ki, Əfqanıstan terrorçuların təlim düşərgələrini, sığınacaqlarını və istifadə etdikləri digər obyektlərini bağlamadıqca, Pakistanın mübarizəsi davam edəcək. O, şəxsən Kabilə səfər edən nümayəndə heyətinə başçılıq etdiyini və Əfqanıstan hökumətindən terrorizmə qarşı mübarizədə Pakistanla birgə işləməyi xahiş etdiyini deyib.
Xavaca Asif həmçinin, Əfqanıstanın təklif etdiyi həll yolunun praktiki olmadığını bildirib.
“Əfqan hökumətinin davranışının dəyişməsi səbəbindən onlar üçün seçimlərimiz məhdudlaşır. Necə ki, bütün dünyada sərhədlər var, Pakistan-Əfqanıstan sərhədi də eyni olmalıdır. İnsanlar Pakistana viza ilə gəlir və bizneslə məşğul olurlar. Sərhədi qanunsuz keçənlər terroru gətirənlərdir. Sərhədin beynəlxalq statusu pozulursa, deməli ona hörmət edilmir”, - nazir deyib.
Xavaca Asif bildirib ki, çinli işçilərə hücumlarla bağlı araşdırmalar davam edir və Çin istintaq qrupu da bu işə cəlb olunub. “Pakistan və Çin istintaq qrupları bu terrorun baiskarlarını tapmaq üçün birlikdə çalışacaqlar”, - deyə o əlavə edib.
“BVF-nin proqramı davam edir və məqsədlərə nail olunur. İnsanlara yardım göstərmək üçün il yarım vaxt lazımdır. Xalqa yardım etmək üçün imkanlarımız var. 270 milyard rupi dəyərində vergidən yayınma halları araşdırılır. Vergilərdə, işıqda və qazda milyardlarla rupilik oğurluq baş verir. Bunları islah etsək, xalq rahatlıq tapacaq”, - deyə müdafiə naziri bildirib.
O, sonda bildirib ki, görəcəkləri işlər qarşıdakı altı ayda insanlara rahatlıq verəcək.