Sərhədlər müəyyənləşmədən dəhliz açılmamalıdır - Natiq Cəfərli

13:29 25.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Soçi görüşünü dekabr ayında Brüsseldə nəzərdə tutulan görüş ortaya çıxardı. Bu da onunla bağlıdır ki, Moskva regionda əldə etdiyi təşəbbüsü başqa bir paytaxta ötürmək istəmir.

Bu fikirləri hafta.az-a politoloq Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Brüssel görüşündən öncə Soçidə hansısa sənədlərin imzalanması Rusiyanın prioritetlərinə uyğundur:

"Bu mənada Soçidə müəyyən sənədlərin imzalanması baş tuta bilər. Böyük Sülh Sazişinin imzalanmasına inanmıram. Bizim sülh müqaviləsinə baxışımızla, Ermənistanla Rusiyanın baxışları arasında ciddi fərq var. Biz bütün məsələlərin - sərhədlərin dəqiqləşdirilməsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, Xankəndi və ətrafında yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya prosesinin başladılması və s. məsələlərin bir müqavilədə həll edilməsini təklif etmişik. Ermənistan və Rusiya isə daha çox kommunikasiyaların açılmasında maraqlıdır. Xankəndidə yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə bağlı hansısa bir qərarın olmasını istəmirlər. Ermənistanla Rusiyanın baxışları bu yöndə üst-üstə düşdüyünə görə, Soçidə kommunikasiyaların açılması ilə bağlı qərar verilə bilər. Bu, Rusiyanın da maraqlarına uyğundur. Gürcüstandan asılı olmadan Ermənistana quru yol əldə edilə bilər. Ermənistan iqtisadi, logistik dalanda yerləşdiyi üçün bu yolun açılmasının onun üçün də əhəmiyyəti böyükdür. Bununla Ermənistana yeni nəfəs verilir. Sadəcə, burada bir önəmli məsələ var. Biz bu kommunikasiya xəttinə “dəhliz” deyirik, Ermənistan isə “dəhliz” adının hüquqi statusda təsbit olunmasına qarşı çıxır. Bu məsələdə ciddi fikir ayrılıqları olacaq. O zaman Azərbaycan “Laçın dəhlizi” statusu ilə bağlı bəyanatda göstərilən maddəni ləğv etdirməlidir. Yaxud da Azərbaycan keçid məntəqələrinin dəhlizin əvvəlində yerləşdirilməsi ilə bağlı qərar qəbul olunmalıdır. Sərhədlər müəyyənləşmədən Ermənistan üzərindən dəhlizin açılmasına yol vermək olmaz. Kommunikasiyaların açılması Azərbaycan üçün az əhəmiyyətə malikdir. Sülh sazişi imzalanmadan o addımlar atılarsa, Ermənistan və Rusiya sülh sazişinin bağlanmasını uzadacaq. Ən azı, böyük sülh sazişi olmasa belə, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı məsələ paralel həll olunmalıdır.