Sentyabrın 12-də Ermənistanın sərhəddə törətdiyi təxribatların əsas hədəflərindən biri heç şübhəsiz Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan kimi sərhəd ərazilərdə apardığı sürətli bərpa işləridir. İrəvan bərpa işlərinin qısa zamanda yekunlaşıb azərbaycanlıların öz doğma ərazilərində sürətli şəkildə məskunlaşdırılmasından ciddi şəkildə narahatdır. Bəs bu təxribatlar aparılan işlərə hansı təsir göstərəcək:
“Ermənistan təxribatının məqsədlərindən biri də məhz Qarabağ, eləcə də Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesinə hər hansı bir formada təsir etmək olsa belə, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasını davam etdirəcək. Azərbaycan Ordusu ölkəmizin təhlükəsizliyini qorumaq və bütün bu kimi təxribatlara cavab vermək qüdrətindədir. Bu baxımdan, təbii ki, Qarabağda, eləcə də Şərqi Zəngəzurda həyata keçirilən iqtisadi layihələr davam etdiriləcək”. Bunu hafta.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.
Deputat daha sonra vurğulayıb ki, Azərbaycan intensiv şəkildə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaqda davam edir: “Azərbaycan Ordusu tərəfindən həmin ərazilərimizin təhlükəsizliyi qorunur. Buna görə də bu ərazilərdə hansısa layihənin dayanması, bərpa işlərində hər hansı yubanmaların olacağı gözlənilmir. Praktik olaraq Azərbaycan intensiv şəkildə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmaqda davam edir. Bu isə ondan xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən təhlükəsizliyin qorunması fonunda biz işğaldan azad olunmuş ərazilərimizdə bərpa, yenidənqurma, eləcə də məskunlaşma prosesinin davam edəcəyini müşahidə edəcəyik”.
“Erməni təxribatlarının sərhəd zonasında həyata keçirilən iqtisadi layihələrə hansı təsiri olacağı hərbi əməliyyatların intensivliyindən və davamiyyətindən asılı olacaq. Məsələ bundan ibarətdir ki, hal-hazırda baş verən proseslər elə bir ərazilərdə gedir ki, orada bizim iri yaşayış kompleksləri olmadığına görə, sadəcə işlərin ləngiməsindən söhbət gedə bilər. Bu vəziyyət Ermənistanı bizdən daha çox narahat etməlidir. Ermənistanın həmin istiqamətdə yaşayış məntəqələri var”. Bunu hafta.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Ekspert bildirir ki, müharibənin aparlması hər iki ölkə üçün problemdir: “Yəqin ki, indiki əməliyyatlar əvvəlki kimi geniş miqyaslı olmayacaq. Ona görə də həyata keçirilən layihələrə ciddi problem yaranmayacağını düşünürəm”.