Sərt karantin çağırışları – NƏ QƏDƏR ƏSASLIDIR

16:25 18.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlarda artan Covid-19 a yoluxma statistikası və omikron ştamının sütrətli keçicilik qabiliyyəti yaxın gələcəkdə yeni məhdudiyyətlərin tətbiq olunub-olunmaması məsələsini yenidən gündəmə gətirir. Qapanmalar demək, SMS icazə sisteminin qayıtması və bir sıra fəaliyyət növlərinin bağlanmasıdır həm də. Bəs görəsən ekspertlər nə düşünür? Ölkə yeni qapanmalara hazırdır? Ümumiyyətlə buna ehtiyac varmı?

İlk olaraq məsələ ilə bağlı hafta.az-a danışan psixoloq Orxan Oruc bildirdi ki, qapanmalar olsa əvvəlkilərə nisbətən indi əhali bunu psixoloji olaraq daha rahat qarşılayacaq. Çünki artıq hər kəsdə belə vəziyyətlərlə bağlı təcrübə var:

“Əlavə olaraq onu deyim ki, biz 2020-ci ildə tək Covid-19 la bağlı qapanmaları deyil, müharibə şəraiti ilə əlaqədar  komendant saatlarını belə gördük. Bu baxımdan düşünürəm ki insanlarda necəki virusa qarşı immunitet yaranır, eləcə də qapanmalarla bağlı psixologiya formalaşa bilir. Həmin o “immunitet” sayəsində əhali gələcəkdə baş verə biləcək qapanmaları daha rahat, aqresiya və emosional səviyyəsinə daha az təsir göstərəcək şəkildə keçirdə bilər”.

Növbəti müsahibimiz iqtisadçı ekspert Fuad İbrahimov isə bu məsələdə  psixoloq həmsöhbətimiz qədər pozitiv deyil. Onun sözlərinə görə, gələcəkdə  tətbiq olunacaq hər hansı bir qapanma təzəcə dirçəlməkdə olan iqtisadiyyata ağır zərbə olardı:

“Biz artıq tətbiq edilmiş məhdudiyyətlərin praktiki olaraq əks təsirlərini yaşamışıq. Təkrar qapanma prosesi baş verərsə sahibkarların bir qismi səbr və dayanıqlılıq göstərməyib peşə dəyişikliyinə gedə bilər. Bu da gələcəkdə biznesin bəzi sahələrində boşluqlar yaradacaq. Artıq insanlarda belə bir fikir formalaşacaq ki, “məşğul olduğum fəaliyyət növü risklidir. Hər hansı epidemioloji və ya ekstrmal vəziyyətlərdə işlərim dayandırıla bilir”. Biz bilirik ki fəaliyyət dayananda işsizlik baş alıb gedir, bu həm də borclanmaya səbəb ola bilir. Ümumilikdə isə sadaladığım amillər makroiqtisadi göstəricilərə mənfi təsir edir. Bazara əlavə olaraq yardımların atılması hökümətə, vergi daxilolmalarına təsir edib, büccə xərclərini artırır”.

Həkim infeksionist Vüqar Cavadzadə isə yeni yaranan ştamların xarakteristikasını nəzərə alaraq gələcəkdə qapanmaların olmasına zərurət görmür:

“Omikron ştamının yayılma sürəti COVİD-19 a və “Delta”ya nisbətən təxminən 4 dəfə çoxdur. Buna baxmayaraq, xəstəliyin ağırlıq dərəcəsi yüngüldür. Omikron ştamına yoluxan şəxslərdə sağalma qısa müddətdə həyata keçir və ağırlaşma halları yaşanmır. Həm də, omikron ştamına yoluxanlarda pnevmaniya 25% inkişaf edirsə digər variantlarda bu göstərici daha yüksək idi. Hətta bir sıra ölkələrdə aparılan tədqiqatlara görə delta ilə nisbətdə omikronda ölüm halı 75% azdır. Belə bir halda qapanmaya getməyin heç bir mənası yoxdur. Məktəb yaşlı uşaqlarda da həmçinin xəstəlik qısa müddətdə sağalır. Tək qorxu yanaşı xəstəliyi və yaşı ilə bağlı risk qrupuna daxil olan şəxslər üçün var”.