Səudiyyə Ərəbistanı neft təsislərinin mühafizəsi tədbirlərini gücləndirib

17:59 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının “Aramco” neft şirkəti neftayırma zavodları və boru kəmərlərini Yəmən ərazisindən atılan raket və PUA-ların hücumundan qorumaq üçün xüsusi plan hazırlayıb. Bu barədə rəsmi SPA informasiya agentliyinə şirkətin icraçı direktoru Amin Nasser məlumat verib.

Hafta.az xəbər verir ki, paytaxt Ər-Riyadda neftayırma zavoduna son hücumdan sonra “Aramco” xüsusi mühafizə tədbirləri görüb. Belə ki, bütün neft təsislərinin ətrafında hava hücumundan müdafiə sistemi yaradılıb. İcraçı direktor deyib ki, Hutsi qiyamçılarının hücumları qlobal neft bazarında yaranmış sabitliyə ciddi təhlükə törədir. Onun sözlərinə görə, atılan PUA və raketlərin bir çoxu zərərsizləşdirilib.

Martın 21-də isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəmənin Hutsi qiyamçılarının nəzarətində olan paytaxt Səna şəhərində, habelə Hodeydah və Amran yaşayış məntəqələrində yerləşən hərbi obyektlərə hava zərbələri endirib. “Əl Ərəbiyə” telekanalının xəbərində bildirilir ki, koalisiya qüvvələri ballistik raketlər və bombardmançı təyyarələrdən istifadə ediblər.