Səudiyyə Ərəbistanında cənnət - Rical Alma kəndi

18:20 04.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT yanında Beynəlxalq Turizm Təşkilatı (UNWTO) Madriddə keçirilən iclasında Səudiyyə Ərəbistanının Rical Alma kəndinin adını dünyanın ən yaxşı turistik kəndləri siyahısına salıb. 


Hafta.az-ın yazdığına görə, bu il may ayında Ər Riyadda keçirilmiş Turizm Sektorunu Canlandırma Zirvəsində səsləndirilən ən yaxşı turistik kənd təklifləri təbii və mədəni amillərin birləşdiyi, ictimai dəyərlərin, həyat meyarlarının və ənənəvi yaşam tərzinin qorunduğu yerlərin turizmin inkişafına müsbət töhfə verməsini hədəfləyir. 


Rical Alma kəndinin dünyanın ən yaxşı turistik kəndləri arasına girməsi, Səudiyyə Krallığının turizmə verdiyi önəmin göstəricisidir. Elə bu səbəbdən də UNWTO 75 ölkəyə aid 175 kənd arasından məhz Rical Almanı seçib. Səsləndirilən açıqlamalarda, Səudiyyə Ərəbistanının turizm sektorunda davamlı inkişaf yaratma və cəmiyyətin yararlanması üçün turizmdən istifadədə önəmli rol oynadığı bildirilib. 

Səudiyyə Ərəbistanının Əl-Əsir bölgəsindəki Abha şəhərinin 45 kilometr qərbində yerləşən Rical Alma kəndi, Yəmən, Səudiyyə Krallığı, xüsusilə də Məkkə və Mədinə şəhərlərinin mədəniyyətinin bənzərsiz nümunəsi hesab olunur. 

Səudiyyə Ərəbistanı Turizm nazirinin müavini,  şahzadə Hayfa bint Məhəmməd verdiyi açıqlamada, “Mədəni miras siyahısına daxil olunan, bənzərsiz mədəniyyətin və regional tarixin qorunduğu Rical Alma kəndindən qürur duyuruq” deyib. Səudiyyə Krallığının mədəni və təbii zənginliklərə sahib olduğunu deyən Məhəmməd, Rical Alma kəndində və ümumiyyətlə, bütün Səudiyyə Ərəbistanında turistlərin yolunu gözlədiklərini bildirib. 
Rical Alma kəndindəki altı qatlı muzey sənət və tarixi əsərlərin mərkəzi hesab edilir. Müzeydə fotoşəkillər, sənət və antik əsərlər sərgilənir.
2017-ci ildə kənddəki 16 qalada bərpa-yenidənqurma işləri həyata keçirilib. 
Rical Alma kəndi zəngin memarlığına görə Ərəb Şəhərləri Mükafatına - "Mudun"a və 2017-ci ildə Şahzadə Sultan bin Salman mükafatına layiq görülüb.

Oxunma sayı 489