Şimali Koreyada aclıq xəbərlərinin artmasından sonra yüksək vəzifəli şəxslər lider Kim Çen Inın rəhbərliyi altında kənd təsərrüfatı siyasətini müzakirə etmək üçün bir araya gəlib.
Haftaş.az-ın KCNA-ya istnadən yazdığına görə, bu məqsədlə ümumi assambleya Koreya Fəhlə Partiyasının qərargahında keçirilib.
Hesabatda bildirilirdi ki, hakimiyyət yeni dövrdə kənd inqilabı proqramını öyrənir və yenidən qiymətləndirir. Kənd təsərrüfatı siyasətində atılacaq təxirəsalınmaz addımlar ətrafında müzakirələrin aparıldığı da bildirilib. KCNA iclasda qərarların necə qəbul edildiyi və hansı dəyişikliklərin ediləcəyi ilə bağlı heç bir məlumat paylaşmayıb.
"Associated Press" xəbər agentliyi Şimali Koreyanın baş naziri Kim Tok-hun və KİP vitse-prezidenti Co Yonq-vonun iştirakı ilə ölkədə ilk dəfə olaraq yalnız kənd təsərrüfatı siyasətinin müzakirə edildiyi plenar iclasın keçirildiyini qeyd edib. AFP xəbər agentliyi isə əslində ölkədə bu cür plenar iclasların ildə bir və ya iki dəfə keçirildiyinə, lakin bu, iki ayda keçirilən ikinci iclas olduğuna diqqət çəkib.
Digər tərəfdən, raket proqramı və təbii fəlakətlər səbəbindən Pxenyan administrasiyasına tətbiq edilən beynəlxalq sanksiyaların yaratdığı ərzaq qıtlığı pandemiya zamanı Çin sərhədlərini bağladığı üçün daha da pisləşib.
Şimali Koreya ilə ikitərəfli əlaqələri həyata keçirən Cənubi Koreyanın Birləşmə Nazirliyi fevralın 21-də verdiyi açıqlamada Şimali Koreyada aclıqdan ölənlərin sayında artım olduğunu iddia etsə də, bu rəqəmi paylaşmayıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonqsam, "Şimali Koreyada ciddi bir qida çatışmazlığı olduğunu düşünürük" deyib və Pxenyan rəhbərliyinin Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramından dəstək istəməsini vacib sayıb. Məlumata əsasən, Cənubi Koreyanın peykdən çəkilmiş görüntülərinə görə Şimali Koreya 2022-ci ildə 2021-ci ilə nisbətən 180 min ton az ərzaq istehsal edib. Bununla belə, KİP-in rəsmi qəzeti olan "Rodong Sinmun"da dərc olunan məqalədə ölkənin problemlərinin öz resursları hesabına həll edilməli olduğu bildirilib.
“İmperialistlərdən dəstək almaq ölkəni talan tələsinə salır” deyilən məqalədə ərzaq yardımı edəcək xarici ölkələrin Şimali Koreyanın daxili işlərinə qarışa biləcəyi ittihamı irəli sürülüb.