Şirkətin təsisçisini dəyişmək üçün hansı prosedurlar həyata keçirilməlidir? - Sualinız varmı

11:42 12.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

-Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir. Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

***

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə kimlər təmin oluna bilərlər və mənzil növbəsinə götürülməsi üçün hara müraciət edilməlidir?

- Qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. Azərbaycan Respublikası Preidentinin 20 iyun 2014-ce il 569 nömrəli Sərəncama əsasən 01.01.2014-cü il tarixədək bu kateqoriydan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlə təmin olunurlar.

***

- Müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin dövlət qurumuna hədiyyə verilməsi vergiyə cəlb olunmalıdırmı?

- Əsas vəsaitin təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın təqdim olunması ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

***

- İşləyən və işləməyən əlill kateqoriyasından olan əlilliyi olan şəxslərin sanatoriya-kurort putyovkaları  ilə təminatı hansı formada aparılır?

- Əlilliyi və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə DSMF və onun yerli qurumları, DOST mərkəzi tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).
Qeyd. I qrup əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqları müşayiət edən şəxslər sanatoriya-kurort putyovkaları ilə həmin əlillərin, sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort putyovkası ilə təmin olunduqları idarə, müəssisə, təşkilat, qurumlar tərəfindən təmin olunurlar.

 

Oxunma sayı 1987