Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması, enerji əməkdaşlığından kənar istiqamətlərdə də əlaqələrin genişləndirilməsi məsələsi son günlər ekspert müzakirələrinin əsas mövzularından biridir. Xüsusilə ikitərəfli iqtisadi əməkdaşlıq üzrə yeni yol xəritəsinin hazırlanması, yaşıl enerji, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq perspektivləri tərəflərin münasibətlərinin daha geniş məzmun qazandığını göstərir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Bu baxımdan ABŞ-ın Azərbaycanın təşəbbüsü ilə reallaşan iri enerji layihələrinə verdiyi siyasi dəstək də strateji tərəfdaşlığın mühüm elementlərindən biri hesab olunur. Bununla yanaşı, qlobal iqtisadiyyatda baş verən transformasiya iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafını da zəruri edir.
Bəs yeni əməkdaşlıq xəritəsi Azərbaycan-ABŞ münasibətlərinə hansı imkanları qazandıracaq? Xəzər regionunun Vaşinqtonun strateji maraqlarındakı yeri nədən ibarətdir? Enerjidən kənar hansı sahələr gələcək əməkdaşlığın əsas istiqamətləri olacaq və ABŞ şirkətlərinin Azərbaycana investisiya marağı hansı perspektivlər vəd edir?
Milli Məclisin deputatı Vüqar Bayramov Hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanla ABŞ arasında formalaşmış strateji tərəfdaşlıq artıq təkcə enerji sektorunu deyil, rəqəmsal iqtisadiyyat, innovasiya, yaşıl enerji və yüksək texnologiyalar kimi yeni istiqamətləri də əhatə edir.
Deputatın sözlərinə görə, bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi inkişafına, həm də regionun enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək:
“Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq mövcuddur və yeni əməkdaşlıq xəritəsinin imzalanması ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün yeni imkanlar yaradacaq. Bu əməkdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda iqtisadiyyatın, texnologiyanın, rəqəmsal inkişafın və yaşıl enerjinin müxtəlif istiqamətlərini də əhatə edir. Enerji sahəsi isə hələ də tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır. ABŞ üçün Azərbaycanın əhəmiyyəti ilk növbədə onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolla bağlıdır. Vaşinqton uzun illərdir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələrini dəstəkləyib. Xüsusilə də Cənub Qaz Dəhlizi kimi strateji layihələr ABŞ tərəfindən daim siyasi dəstək qazanıb. Bu baxımdan Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir.
Azərbaycanın geosiyasi mövqeyi də ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər regionu yalnız enerji ehtiyatlarına görə deyil, həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi diqqət mərkəzindədir. ABŞ-ın Xəzər hövzəsinə münasibəti də məhz bu strateji reallıqlardan irəli gəlir. Bir tərəfdən Vaşinqton Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda bölgədə fərqli siyasət yürüdür, digər tərəfdən isə Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir”.
R.Bayramov eyni zamanda bildirib ki, bu gün ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri enerji sektorundan xeyli kənara çıxır. Tərəflər süni intellekt, rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu istiqamətdə yaradılmış işçi qrupları konkret layihələr üzərində fəaliyyət göstərir:
“Yaşıl enerji də prioritet istiqamətlərdən biridir. Azərbaycanın bərpa olunan enerji potensialı ABŞ şirkətləri üçün cəlbedici hesab olunur və bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Rəqəmsal inkişaf və yeni texnologiyaların tətbiqi də gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir. ABŞ şirkətlərinin Azərbaycana investisiya yatırması yalnız maliyyə axını deyil, həm də qabaqcıl texnologiyaların, innovativ idarəetmə təcrübəsinin və müasir həllərin ölkəyə gətirilməsi deməkdir. Bu isə iqtisadiyyatın müxtəlif sahələrinin modernləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Azərbaycan da ABŞ-la iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xüsusilə özəl sektor arasında əlaqələrin gücləndirilməsi, birgə proqramların həyata keçirilməsi və innovasiya yönümlü layihələrin reallaşdırılması yaxın dövr üçün əsas prioritetlərdən biri olaraq qalır. Bu baxımdan iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə daha geniş məzmun qazanacağı gözlənilir”.