Misir prezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyx sammitindən sonra imzalanan bəyannaməni “bəşər tarixində ağrılı səhifəni bağlayan və regional sülhün yeni mərhələsinə qapı açan həlledici tarixi məqam” kimi qiymətləndirib.
Hafta.az-ın yazdığına görə, Sisi vurğulayıb ki, “iki dövlətli həll Fələstin və İsrail xalqlarının qanuni istəklərini həyata keçirməyin yeganə yoludur”.
Misir prezidenti İsrail xalqına müraciət edərək deyib: "Gəlin bu tarixi anı ədalət və sülh şəraitində birgəyaşayış üçün yeni bir başlanğıc edək. Bölgənin bütün xalqları üçün ədalətli və davamlı sülhə nail olmaq üçün əməkdaşlıq edə bilək. Xalqın təhlükəsizliyi təkcə hərbi güclə deyil, bizim strateji seçimimiz kimi gördüyümüz sülh yolu ilə əldə edilir. Sülh təkcə hökumətlər tərəfindən deyil, həm də xalqlar tərəfindən qurulur”.
Razılaşmanın açıqlanmasından sonra Qəzzada, İsraildə və dünyada sevinc nümayişlərinə işarə edən prezident Sisi, bunları "xalqın ortaq seçiminin sülh olduğunun sübutu" olaraq qiymətləndirib.
Sisi bəyan edib ki, Misir inkişaf və sabitliyin yeni mərhələsinin başlanması istiqamətində fundamental addım olaraq Qəzza zolağının dərhal yenidən qurulması üçün ümumi əsasların yaradılması üçün regional və beynəlxalq tərəfdaşlarla koordinasiyada Birləşmiş Ştatlarla işləyəcək.
Sisi İsraillə münasibətləri normallaşdıran Misirin keçmiş lideri Ənvər Sədatı da tərifləyib. O, Sadatın təxminən yarım əsr əvvəl - 1977-ci ildə Qüdsə səfəri ilə Yaxın Şərqdə sülh prosesini başlatdığını xatırladaraq, bunu xalqın təhlükəsizliyinin yalnız hərbi güclə deyil, həm də ədalət və bərabər hüquqlarla təmin oluna biləcəyini sübut etdiyini deyib.