Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Ölkənin ictima-siyasi kəsimi dünya azərbaycanlılarına səsləniblər.
Hafta.az təqdim edir:
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev:
“Bütün soydaşlarımızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. 2020-ci il həm də azərbaycanlıların Həmrəylik ili kimi tarixə düşəcəkdir. Xalqımız bütün dünyaya göstərdi ki, ötən əsrin sonunda Azərbaycanın müstəqilliyi, Qarabağ üçün ayağa qalxan milyonların etirazı könüldən gəlib, xalqımız bu 30-35 ildə heç nəyi və heç kimi unutmayıb. Qarabağını unutmayıb, birlik olmağı unutmayıb. DOSTU və DÜŞMƏNİ unutmayıb! Vətən uğrunda savaşmağı, qan tökməyi, Şəhid olmağı unutmayıb! 44 günlük müharibədə misilsiz Xalq-Ordu-Ali Baş Komandan birliyi gördük, bu birlikdən işğalçı erməniləri əzən-əzən, pərən-pərən salan DƏMİR YUMRUQ yarandı. Yumruq birlik, güc rəmzidir! 2021-ci ildə də Birlik, HƏMRƏYLİK əsas amalımız olmalıdır. Xalqımız bu Birliyə xələl gətirməyə çalışanlara qarşı amansız olmalıdır. Vətən olan yerdə hər kəs susmalıdır...
Qardaş Türkiyə və digər müttəfiqlərimizlə də birliyimizi qorumalı və inkişaf etdirməliyik. 44 günlük müharibədə yaranan ittifaqlarımızın qalıcı olması üçün çalışmalıyıq. Bir daha hər birinizi təbrik edirəm, ölkəmizə və hər brinizə yeni naliyyətlər arzu edirəm!”
Millət vəkili Qənirə Paşayeva:
“Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür! Bu münasibətlə dünyada yaşayan bütün Soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm! Həmrəyliyimiz güclü və sarsılmaz olsun hər zaman! Çünki biz birlikdə daha güclüyük! Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun şücaəti, qəhrəman Xalqımızın birliyi ilə torpaqlarımızı işğalçı Ermənistanın işğalından azad etdik. Ali Baş Komandanımızın qətiyyəti, güclü siyasi iradəsi, hər zaman qarşılarında baş əydiyimiz əziz Şəhidlərimizin və Qazilərimizin qəhramanlıqları və bütün dünya Azərbaycanlılarının həmrəyliyi, birliyi ilə bu Zəfərə nail olduq. Allah bu birlik ruhumuzu qorusun!
2021-ci ildə də Azərbaycanımızın böyük işlərə, uğurlara imza atması üçün həmrəyliyimizi daha da gücləndirməliyik.
Əziz Azərbaycanlılar, Həmrəylik Günümüz mübarək olsun!
Ümid Partiyasının sədri İqbal Ağazadə:
“Dəyərli həmvətənlərim! Əziz bacı və qardaşlarım! 2020-ci il son saatlarını yaşayır. İlk növbədə bu il torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların valideynləri, əzizləri qarşısında baş əyirəm. Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Bu il bəşəriyyət üçün sınaq ili olub, sürətlə yayılan virus insanlarda narahatçılıq, qorxu yaratmaqla yanaşı xeyli məsum insanın canını alıb. Ölkəmiz də bu amansız virusla mübarizədə çoxsaylı vətəndaşımızı itirib. Onların da doğmalarına səbr arzulayıram. 2020-ci il nə qədər çətin il olsa da, Azərbaycanımız və tariximiz üçün müstəsna ildir. Məhz bu il biz müzəffər Vətən övladlarının qəhrəmanlığı nəticəsində əksər torpaqlarımızı düşmən işğalından azad etdik. Bu işğala son verməklə, xalqımızı sanki yenidən diriltdik, məğlub ordunu qalib orduya çevirdik. İtkilərimiz və acılarımız böyük olsa da, Vətən torpaqlarını yağılardan azad etməyin başqa yolu yox idi. Hələ qarşıda görəcəyimiz çox işlər var, Qarabağa tam hakim olmalı, hər qarışında bayrağımızı dalğalandırmalı, ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxarmalı, ərazimizdə sülhməramlı adı ilə heç bir ölkənin hərbi quruluşunun saxlanılmasına izn verməməli, bir sözlə, Qarabağ probleminin gələcək nəsilləri də təhdid etməsilə razılaşmamalıyıq. İşğaldan azad edilmiş rayonlarımızın bərpası və məcburi köçkünlərin geri qaytarılması mühüm vəzifəmiz olmalıdır. Qarabağ problemi ilə yanaşı, digər çətinliklərin də bir xalq olaraq öhdəsindən gəlməliyik. İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalıyıq. İstər Prezident, istər deputat, istər bələdiyyə seçkilərinin azad, demokratik, çoxpartiyalılıq əsasında keçirilməsini təmin etməliyik. Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır. Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın ac, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizlərə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq. Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik.
Əziz bacı və qardaşlarım! Yeni təqvim ilinin astanasındayıq.
İstərdim ki, növbəti il xalqımız, dövlətimiz üçün faydalı, daha yaddaqalan, güvənli və demokratik dəyərlərin hakim olduğu, Qarabağımızın hər kəndində, şəhərində bayrağımızın dalğalandığı, rus sülhməramlılarının da ölkəmizi tərk etməsi ili olsun.
Yeni təqvim ilimiz uğulu gəlsin, həmrəyliyimiz sarsılmasın, milli birliyimiz qalibiyyətimiz üçün əsas olsun!”
Politoloq Zaur İbrahimli:
“Əcdadlarımız birliyin, bütövlüyün, həmrəyliyin gücünü, qüdrətini yaxşı biliblər və bizlərə də dönə-dönə nəsiəht ediblər: "El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar". 2020-ci gerçəkdən HƏMRƏY olduq, sel olduq, sözümüz bir oldu üç əsrlik "Böyük Ermənistan" planını sındırdıq. Böyük bir birlik qurduq, Azərbaycan, Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan və digər pərdə arxasında qalan müttəfiqlərimizi bir araya gətirdik. 44 günlük savaşla dünyaya 5-ci nəsl müharibəni göstərdik. Türk qurdları bütün Qafqaz dağlarına səs saldı. Şuşada dalğalanan zəfər bayrağımız 2020-ci ilin simvolu, 2021-ci ilin ümidi oldu...
İndi əsas vəzifəmiz bu Həmrəyliyi qorumaqdır. Çətin olacaq, bu artıq elə inidən müşahidə olunur. Amma bütün tərəflər gərək Həmrəyliyimizi zədələyən addımlar atmayalar, məsulyyətlərini anlayalar, Yoxsa bu xalq qalxar və hesab sorar...
Hər bir soydaşımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bir olaq, birlik olaq, HƏMRƏY qalıb, qalib gələk. Allah Azərbaycanı qorusun!”
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev:
"Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edirəm.
44 günlük Vətən müharibəsində dünyada yaşayan azərbaycanlılar bütün dünyaya sözün əsil mənasında həmrəylik nümayiş etdirdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə borcunu Azərbaycan Ordusu Azərbaycan xalqınıb dəstəyilə yerinə yetirdi! Şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı! Birinci və ikinci Qarabağ müharibəsində olan bütün şəhidlərin ruhu şad olsun! Şəhid ailələri qarşısında baş əyirəm. Vətən sağ olsun! Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara, Allahdan şəfa diləyirəm! 44 gün ərzində bütün dünyaya nümayiş etdirən həmrəyliyimizi bundan sonra da qorumağı dünya azərbaycanlılarına arzulayıram.Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin. Bayramınız mübarək olsun!"
MHP sədri Əlisahib Hüseynov:
“Əziz həmvətənlər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı və uğurlar arzulayıram.
Biz dünyanın yeganə xalqıyıq ki, hər ilimiz Milli Həmrəylik ruhu ilə başa çatır. Hər ilin son günü bütün azərbaycanlıar bir nöqtədə birləşib, bir nota köklənərək, Həmrəylik Gününü ümummilli səviyyədə qeyd etməklə bir daha öz milli identikliyini, milli mənsubiyyətini təsdiqləmiş olurlar.
Həmrəylik Günü bir dəyərdir. Biz bu il ilk dəfədir ki, Həmrəylik Günümüzü "gələn il bayramı Qarabağda qeyd edərik" kimi şablonlaşmış deyimə ehtiyac olmadan qeyd edirik. Düzdür, 2020-ci ildə çox çətinliklər ortaya çıxdı, çox sınaqlarla üzləşdik. COVİD-19 pandemiyası bütün dünyada olduğu kimi bizim də həyatımızın düzənini pozdu, yaşam tərzimizi kökündən dəyişdi. Ancaq bütün çətinliklərə rəğmən dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar bu il sözün tam mənasında Qarabağ üçün, Azərbaycan üçün həmrəy oldular, birləşdilər, “Dəmir Yumruğ”a çevrilməyi bacardılar.
Mən Milli Həmrəylik Partiyasının sədri olaraq bütün soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edir, hər bir azərbaycanlıya ölkəmizin gələcək uğurlarının fəal iştirakçısı olmağı arzu edirəm. Bayramınız mübarək olsun, əziz həmvətənlər! Yaşasın Azərbaycan!”
Millət vəkili Naqif Həmzəyev:
“Azərbaycan Diaspor Komitəsi dünyanın hər yerində öz gücünü səfərbər edib. Dünya yeni təqvim ilinə qədəm qoyur. Yola saldığımız 2020-ci il dövlətimiz və xalqımız üçün tarixlərə yazılacaq bir dövr kimi qaldı. Azərbaycan xalqı 30 ilə yaxın işğalda olan tarixi torpaqlarını düşməndən azad etdi. Dünyanıın harasında yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu haqq davasında dövlətin yanında oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev hər qələbə xəbərini bəyan edəndə xalqımızın milli birliyini böyük qüruru hissi ilə vurğulayırdı. Vətən müharibəsi dönəmində Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın hər yerində öz gücünü səfərbər etdi.
Bidiyiniz kimi, iyul ayında ermənilər təxribat törətdilər. Onlar Azərbaycan ərazisindən yeni torpaqlar almaq iddiasına düşdülər Bizim vətəndaşlarımız, hərbçilərimiz şəhid oldu. Lakin Azərbaycan ordusu bu təxribatın qarşısını aldı və düşmənə ağır zərbələr endirdi.
Həmin ərəfələrdə Azərbaycan Diaspor Komitəsi dünyanın müxtəlif ölkələrində öz fəallıqlarını artırdı. Azərbaycan gerçəklərinin dünyaya çatdırıması sözün əsl mənasında Azərbaycan diasporasının gücünü göstərdi. Bir şeyi nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, bir millətin iki diaspora təşkilatı olmamlıdır. Bu işdə Türk diaspora təşkilatı, türk qardaşlarımızın da, əməyi danılmazdır. Onlar da Azəbaycan həqiqətlərini dünyaya çatdırdılar.
Qeyd edə bilərik ki, illər əvvəlki Diaspora təşkilatı ilə indiki, Diaspora təşkilatının fəaliyyəti arasında böyük fərq var. Biz təkcə cəbhədə deyil, eyni zamanda informasiya müharibəsi də aparırıq. Sosial mediada bizim diaspora gənclərimiz fəallıq göstərdilər. Burada da Diaspora təşkiatının və Fuad müəllimin böyük rolu var.
Açığı, 2018-ci ilə qədər də Diaspora təşkilatı müəyyən işlər görürdü, müəyyən uğurları var idi. Ancaq 2018-ci ildən başlayaraq Azərbaycanda islahatlar aparılmağa başladı. Gənc kadrlar məsul vəzifələrə təyin edildi. Onlardan biri də Fuad Muradov idi.
İstər-istəməz gənclərin bu vəzifələrə gətirilməsi və komitənin gəncləşdirilməsi fərqin olduğunu göstərir. Fuad Muradov bundan əvvəl mənim həmkarım olub. Fuad müəllimin yeniliyə açıq olması, hər zaman gənclərə üstünlük verməsi Diaspora fəaliyyətində də özünü göstərdi. Diaspora fəaliyyətində fərqli yanaşmalar oldu.
Bundan əvvəl bütün dəstək Azərbaycan hökümətinin maliyyəsi hesabına başa gəlirdisə, artıq bu sahədə qənaətə üstünlük verilir. İndi şəffalığa üstünlük verilir. Bütün görülən işləri Azərbaycan Diaspora Komitəsi kordinasiyalı həyata keçirir. Müxtəlif ölkələrdə mərkəzlər yaradıldı. Və bizim soydaşlarımızın təşkilatlanması üçün yeni bir model işlənilibdir.
Bu il Diaspor üzvləri, Diaspor gəncləri xüsusi fəallığı ilə seçildi. Uğurlar var. Ancaq görüləcək işlər də çoxdur. Mən düşünürəm ki, 2021-ci ildə Diaspora komitəsinin üzərinə böyük yük düşür”.